- Fəxriyyə xanım, böyük bir moda nümayişinə hazırlaşırsınız. Defile haqqında nələri söyləyə bilərsiniz?
-13 mayda Heydər Əliyev Sarayında çox maraqlı moda şousu hazırlayıram. Demək olar ki, uzun zamandır paytaxtımızda belə şou-nümayişim olmayıb. Bilirsiniz ki, son 2 kolleksiyamı Tiflisdə keçirilən moda həftəsində təqdim etmişdim. Həmin iki kolleksiyaya daha bir neçə maraqlı kolleksiya əlavə edərək, birlikdə öz paytaxtımızda təqdim etmək istəyirdim. Elə oldu ki, bu kolleksiyaların təqdimatı may ayında keçiriləcək möhtəşəm "Eurovision" həftəsi ilə üst-üstə düşdü. Bu təqdimat "Eurovision Mədəni Proqramı" siyahısına daxildir. Deməli, 5-30 may tarixlərində paytaxtımızın mədəniyyət mərkəzlərində müxtəlif yaradıcılıq növləri nümayiş etdiriləcək. Bunlardan biri də moda nümayişi olmalıdır.
- İdeya sizindir, yoxsa sizə təklif etdilər?
- Bu təklif mənə Heydər Əliyev Sarayı tərəfindən gəldi. Təbii ki, təklifə sevindim, çünki bu mənim öz istəyimlə üst-üstə düşürdü. Artıq Tiflisdə təqdim etdiyim kolleksiyaları Bakıda da təqdim etmək şansını qazandım.
- Siz artıq dəfələrlə kolleksiyalarınızı nümayiş etdirmisiniz. Bu nümayişin sizin üçün özəllliyi nədədir?
- Bu təqdimatın bir çox maraqlı və fərqli cəhətləri var. Həmin gün eyni zamanda xanımlar üçün yaratdığım yeni ətrimin təqdimatı olacaq. Həm kolleksiya, həm də yeni ətrimin adı "Caspian rose"dur -Xəzər qızılgülü. Bu, real çiçəkdir, təbiətdə belə bir gül var. Demək olar ki, heç kimin məlumatı yoxdur ki, Xəzərin sahili boyunca gözəl Xəzər qızılgülü bitir. 13 mayda həm kolleksiya, həm də yeni ətrimin təqdimatı olacaq.
- Niyə məhz çoxlarının qorxduğu 13 tarixi?
-13 rəqəmi mənim üçün həmişə uğurlu olub. Həyatımda, karyeramda 13 rəqəmi ilə bağlı çoxlu uğurlu hadisələr olub. Düşünürəm ki, yenə də uğur gətirəcək.
- Nümayiş olunacaq kolleksiyalar barədə nə deyə bilərsiniz?
-Kolleksiyalara gəldikdə bir neçə istiqamətdə geyim nümunələri təqdim olunacaq. Bunların arasında mənim həmişə xüsusi parçalardan yaratdığım ziyafət geyimləri var. Qeyd etmək istəyirəm ki, bu parçalar hazır satılan parçalar deyil. Parçaların özlərini də mən yaradıram. Yəni ki, bu tam mənim əl işimdir. Sonra daha eleqant və rahat gecə geyimləri, gəlinliklər olacaq. Böyük bir gəlinlik kolleksiyamı göstərəcəm. Ziyafət geyimləri ilə yanaşı gənclərin rəğbətini qazanan cins geyim kolleksiyamı da göstərmək istəyirəm. Bir müddət əvvəl çox maraqlı milli geyim kolleksiyası yaratdım və bu geyimlər Qarabağ bölgəsinin xanımlarına aiddir. Sadəcə belə bir həvəsim, istəyim oldu və Qarabağ xanımlarına xas mili geyimlər haqqında məlumat toplayıb belə bir kolleksiya yaratdım. Həmin gün bu geyimləri də təqdim edəcəm. Düşünürəm ki, bu çox vacib və çox maraqlıdır. İndiki müasir moda ilə paralel olaraq milli geyimlərimizi də hər zaman göstərməliyik və təbliğ etməliyik. Hələ bu geyim Qarabağ zonasına aiddirsə, bu mənim üçün çox vacibdir. Bax belə, maraqlı geyimlərdən ibarət kolleksiyamız olacaq. Düşünürəm ki, maraqlı bir gün yaşayacağıq.
- Yəqin ki, şou da özünəməxsusluğu ilə seçiləcək?
- Nümayiş ssenariləşmiş, teatrlaşdırılmış şəkildə olacaq. Təbii ki, moda nümayişində bir kolleksiyadan o birisinə keçmək üçün geyimləri dəyişmək lazımdır. İstəyirəm ki, bu anlarda mənim dostluq, əməkdaşlıq etdiyim sənət dostlarım, müğənnilər səhnəyə çıxsınlar. Amma onların kimliyini tam dəqiqləşdirməmişəm. Bir sözlə, musiqili qonaqlarım olacaq.
- Xaricdən qonaqlar olacaqmı?
- Xaricdən qonaq dəvət etməmişəm. Həm ətirin təqdimatı, həm də kolleksiyaların nümayişi olduğundan onsuz da şounun təşkilati məsələləri çox çətindir. Belə olan halda hər hansı xarici qonaqla məşğul olmağa nə vaxtım, nə də imkanım olacaq. Həm də düşünürəm ki, o ərəfədə artıq ölkəmizdə o qədər qonaq olacaq ki, otellərdə bəlkə heç yer də olmayacaq. Bir sözlə, hansısa xarici ulduzu və ya qonağı dəvət etmək planım yoxdur. Bəlkə sonra, yeni ətrimin ikinci promo-aksiyası üçün nə isə etdim. Maraqlı ideyam var, onu həyata keçirə bilərəm. Amma bu şouda gözlənilmir.
- Kolleksiyanın adı maraqlı və çox gözəldir...
- İndiyədək kolleksiyalarıma qoyduğum adlar həmişə maraqlı olub. Məsələn, 2003-cü ildə "Azerbaijan ladies" (Azərbaycan xanımları) kollesiyamı təqdim etmişdim və nümayişin sonunda Azərbaycan bayrağı rəngdə geyim təqdim etmişdim. Bu kolleksiya mənə çox uğur gətirdi. Daha sonra, "Cazibə" adlı kolleksiyam var idi. Onu çox nümayiş etdirmişdim və bu ad çox səslənmişdi. Sonradan gördüm ki, Türkiyədə bir serial çəkilib və filmdə Azərbaycandan olan xanımın adını "Cazibə" qoyublar. Əslində azərbaycanlılarda Cazibə adı yoxdur.
Görürəm ki, kolleksiyalarımın adlarının davamı olur. İndi də "Caspian rose"-Xəzər qızılgülü. Fikirləşirəm ki, Azərbaycan xanımları hamımız gözəl bir çiçəyik. Mən bu kolleksiyamı bütün Azərbaycan xanımlarına həsr edirəm. Baxın, mən belə bir gözəl etiraf edirəm - biz hamımız gözəl çiçəklərik, birlikdə isə gözəl buketik!
- Biletləri nə vaxt satışa çıxarmaq fikrindəsiniz?
-Bilet satışına daha əvvəldən başlamaq lazımdır. Ona görə ki, paytaxtımıza gələn xarici qonaqların hansısa tədbirə əvvəldən bilet almaq alışqanlıqları var. Bu səbəbdən də biz bilet satışına daha tez başlamalıyıq. Bu işə adətən 15-20 gün əvvəl başlanılırsa, indi fikirləşirəm ki, artıq aprel ayından biletləri satışa çıxarmalı, reklam kampaniyasına başlamalıyam.
- Biletlərin qiymətləri hansı məbləğdə olacaq?
- Həmişə fikirləşmişəm ki, biletlərin qiyməti münasib olmalıdır. Biletlərin qiymətini bahalı etməyəcəyəm. Ona görə ki, xaricdən gələn qonaqlar da var. Bir də, mənim fəaliyyətimin pərəstişkarları var. Facebook sosial şəbəkəsində fanklubum var. İstəyirəm ki, gəlmək istəyənlərin hamısı gələ bilsin. Bu imkanı onlar üçün yaratmaq istəyirəm. Hətta "bir bilet alana bir bilet hədiyyə" kampaniyası keçirməyi planlaşdırıram.
- Fəxriyyə xanım, sizə uğurlar arzulayırıq və səbirsizliklə kolleksiyanın nümayişini gözləyirik.
- Təşəkkür edirəm və ilk növbədə mətbuat nümayəndələrini 13 mayda Heydər Əliyev Sarayında gözləyirəm.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



























