Kriminal

“Çağırdı, gecə paltarında gəldim, vəhşi kimi..." - Xəyanət edən qadının şok ifadəsi

14 Yanvar 2021 18:00
Baxış: 2 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ərini qətlə yetirməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Şahanə Fəxrətovanın məhkəməsi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, 2012-ci ildən Ruslan Fəxrətova ilə rəsmi nikahda olduğu halda öz təşəbbüsü ilə ayrı-ayrı vaxtlarda tanış olduğu kişilərlə cinsi əlaqədə olub, mütəmadi intim münasibət saxlayıb.

1986-cı il təvəllüdlü Ruslan Fəxrətov 2019-cu il iyulun 16-da, saat 23.50-də Hövsan qəsəbəsində mənzilinin yataq otağında Şahanə Fəxrətovanın xəyanətindən xəbər tutduğunu bildirib və onu yataq otağından qovub.

Qadın ertəsi gün səhər xəyanətinin aşkarlandığı halda rüsvay olmasının qarşısını almaq və xəyanətini gizlətmək məqsədilə həyat yoldaşını öldürmək qərarına gəlib.

Bu məqsədlə mətbəxdən götürdüyü bıçaqla Ruslan Fəxrətovun boyun və bel nahiyəsindən iki zərbə vuraraq onu qətlə yetirib.

Şahanə Fəxrətova barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Ayaq üstə içkinin təsirindən güclə dayandı"

Şahanə Fəxrətova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, iyulun 16-da axşam saatlarında əri Ruslan və iki övladı ilə birlikdə oğlu Telmanı yaxınlıqda yaşayan çöpçüyə piyada aparıblar:

"Çöpçüdən qayıtdıqda təxminən saat 20 radələrində Ruslan bizi liftə mindirərək evə göndərdi. Özü dostları ilə pivə içməyə getdiyini bildirdi. Konkret kiminlə getdiyini bilmədim. Saat 23.30-da Ruslan evə gəldi. Uşaqlar və qayınatam Telman yatmışdı. Qapını qayınanam Əminə açdı, Ruslan içəri girəndə pivə içdiyini bildirdi. Hərəkətlərindən içkili olduğu bilinirdi. Ayaq üstə güclə dayanırdı. Məndən yemək istədi. Ona yemək verdim, özüm isə hamama çimməyə girdim.

Çimməyə girəndə qayınanam Əminə qonaq otağında televizora baxırdı. Hamamdan çıxdıqda Ruslan artıq yeməyini yeyib bitirmişdi, eyvanda siqaret çəkirdi. Qabları yığışdırıb yudum. Ruslan yatdığı otağa keçdi, telefonu ilə məşğul oldu. Aramızda heç bir mübahisə olmadı. O, heç vaxt mənim telefonuma baxmayıb. Qayınanam Əminəyə "gecəniz xeyrə qalsın", - dedim. Sonra gedib öz yerimdə uşaqlarla birlikdə yatdım".

"Cinsi əlaqə üçün yanına çağırdığını zənn etdim"

Təqsirləndirilən şəxs qeyd edib ki, qayınanası və əri Ruslan öz otaqlarına yatmağa gediblər: "Ruslan balaca övladımızın ağlamasından narahat olduğu üçün o, doğulandan digər otaqda, yəni qonaq otağında yatırdı. Saat 08.00-da oğlum Telmanın ağlamaq səsinə yuxudan oyandım və ona mətbəxdə yemək hazırladım. Öz yatdığım otaqda qucağımda övladıma yemək yedizdirən zaman Ruslan içəri girdi. Dedi ki, uşağı yedizdir, gəl yanıma. Məni cinsi əlaqə üçün yanına çağırdığını zənn etdim.

Oğlum Telmanı yedizdirdikdən sonra gecə paltarında Ruslanın yatdığı qonaq otağına getdim. Ruslan şkafın qarşısında "raskladuşka" tipli çarpayıda oturaqlı vəziyyətdə bildirdi ki, qapını bağla. Otağın qapısını örtdüm, Ruslanın qarşısında, masanın küncünə söykəndim. Ruslan həmin vaxt oturduğu yerdən ayağa durdu".

"Dedi, səni öldürəcəm, mənə niyə xəyanət etmisən?"

Şahanə Fəxrətova bildirib ki, Ruslanın göz bəbəklərinin genəldiyini, gözlərinin içinin qıp-qırmızı olduğunu, ilk dəfə belə vəziyyətdə, vəhşi insana döndüyünü görüb: "Ruslan "mənə deyiblər ki, sən mənə xəyanət etmisən", - bildirdi. Cavab verdim ki, yalandı, elə bir şey yoxdur. Bu cavabdan sonra arxaya döndü, balışın altından mətbəxdə istifadə etdiyimiz bıçağı götürdü, sağ əlində tutaraq əlini boynu istiqamətində qaldırıb bıçağı mənə istiqamətləndirdi.

Bir də təkrar elədi ki, səni öldürəcəm, mənə niyə xəyanət etmisən? Dedim ki, elə bir şey olmayıb, yalandı.

Ruslanın bıçaqla üzərimə gəldiyini gördüm, qorxdum. Bir əlimlə Ruslanın bıçaq tuşladığı sağ qolunun dirsəyindən, o biri əlim ilə isə sinəsindən tutaraq çarpayıya doğru itələdim. Otaqdan çıxmaq üçün qaçdım. Qaçan zaman "ay mama" deyib qışqırdım. Qapını açaraq qapıdan çölə tam çıxmadım".

"Qan pəncərəyə sıçradı"

Şahanə Fəxrətovanın ifadəsinə görə, Ruslanın onun arxasınca gəlmədiyini hiss edib: "Dönərək baxdım. Ruslanın çarpayıdan sağ çiyin üzərində yerindən qalxdığını və bıçaq iki hissəyə bölünmüş şəkildə çarpayının qarşısına düşdüyünü gördüm. O, sol əli ilə sağ boyun hissəsini tutdu, həmin nahiyədən qan gəlirdi.

Ruslanın yanına gəldim, sol qolundan tutaraq çarpayıdan qaldırdım, ona kömək etməyə çalışdım. O, sol tərəfi ilə məni yaxın durmamağım üçün itələdi.

Həmin vaxt əlini sağ boyun nahiyəsindən çəkdiyi üçün qan təzyiqlə pəncərə istiqamətinə sıçradı. Ruslan yenidən sol əli ilə boynunu tutdu, sağ əli ilə masadan tuta-tuta qayınanam və qayınatamın yatdıqları otağa doğru getdik".

"Hadisə barədə danışmadım"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin vaxt Ruslan bir qədər büdrəyib: "Ruslan masadan tutan zaman əyilərək yerdən bıçağın dəstəyini götürdüm, sol qoltuqaltı nahiyəmə qoydum. Bir əlimlə Ruslanın sol qolunun dirsəklə çiyin arasında olan hissəsindən, bir əlimlə də eyni istiqamətdə bel hissəsindən tutaraq ona kömək etdim. Bıçağın dəstəyini görəndə bir anlıq əlimi buraxdım, bıçağın dəstəyini götürdüm, tiyəsi gözümə dəymədi.

Bıçağı görəndə nəyə görə götürdüyümü bilməmişəm. Amma bıçağı götürərək qayınanam və qayınatama göstərib, Ruslanın məni vurmaq istəyən zaman onu itələməyim nəticəsində hadisənin baş verdiyini danışacağımı düşündüm. Ruslan öldüyünə görə qorxdum və hadisə barədə danışmadım".

"Nə etmək istədiyimi bilmədim"

Şahanə Fəxrətova bildirib ki, Ruslan qonaq otağından çıxaraq divardan tuta-tuta qayınatasıgilin yatdığı otağa tərəf gedib: "Qayınanam və qayınatamın yataq otağının qapısını açdım. "Mama, Ruslanı qan apardı", - deyə qışqırdım. Əminə yuxudan oyandı, Ruslan Əminənin qucağına yıxıldı. Qayınatam Telman əynini geyinərək təcili yardım çağırmağa getdi.

Əminə mənə qonşu İlqarı çağırmağı tapşırdığı üçün ayaqyalın gecə paltarında qonşunu çağırmağa getdim. Bir qədər sonra həkimlər gəldi, müayinə edərək Ruslanın öldüyünü dedilər.

Bu xəbəri eşitdikdən sonra özümü itirdim. Qorxduğum üçün bıçağın tiyəsini çarpayının qarşısında yerdən götürdüm, sol qoltuqaltı nahiyəmə qoyduğum bıçağın dəstəyi ilə birlikdə yerə atmaq istədim. Nə edəcəyimi bilmirdim... Otağın pəncərəsinin torunu çıxararaq bıçağın hər iki hissəsini həyətə atdım".

"Məni şantaj etdi"

Təqsirləndirilən şəxs bildirib ki, bıçağı pəncərədən atan zaman qonaq otağında heç kim olmayıb: "Ruslan öldüyünə görə məni tutacaqları halda uşaqlarımın sahibsiz qalacağını fikirləşdim. Hadisənin təsirindən qorxmuşdum.

İstintaqın gedişatında ərimin hansı şəraitdə xəsarət alması barədə iki övladımın başsız qalmaması üçün düzgün məlumat verməmişəm. Baldızımın əri İsa Ruslanın yas mərasimi günü mənə yaxınlaşdı. Mənim tutulacağımı, işgəncə veriləcəyini, elektrik naqilinə qoşulacağımı, özünün naxçıvanlı olduğu üçün hər yerdə tanışı olduğunu deyərək məni şantaj etdi. İsadan qorxduğum üçün ona hadisə barədə hazırda xatırlamadığım məzmunda uyduraraq danışdım.

İsaya ərimin telefonumu yoxlaması, bıçaq götürərək ərimin yanına getməyim, özümü öldürəcəyimi ərimə deməyim barədə heç bir söz deməmişəm. Bu barədə İsanın verdiyi ifadələr həqiqətə uyğun deyil".

"Dedi ki, dur, uşağı qan apardı"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Telman Fəxrətov bildirib ki, oğlu Ruslan ali təhsillidir, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialını bitirib: "2012-ci ildə arvadım Əminənin qohumu Şahanə ilə evləndi, birgə nikahdan 1 qız, 1 oğlu var. Ruslanla Şahanə arasında əvvəllər dava-dalaş mübahisə olmayıb.

Hadisə baş verən günü saat 08.00-da arvadım Əminənin qışqıraraq dedi ki, dur, uşağı qan apardı. Onun səsinə yuxudan oyandıqda oğlum Ruslanın yatdığım otaqda çarpayının başında ayaq üstə dayandığını, boynundan qan axdığını, gəlinim Şahanənin dəhlizdə qapının yanında dayandığını gördüm. Həkim çağırmaq üçün evdən çıxdım. Poliklinikaya çatmamış yolda təcili yardım avtomobilinin gəldiyini gördüm, həmin avtomobilin qarşısını kəsərək kömək lazım olduğunu dedim.

Birlikdə evə gəldik. Evə çatdıqda oğlumun yerə yıxılmış vəziyyətdə anasının qucağında gördüm. Həkim oğlumu müayinə edərək öldüyünü bildirdi".

"And iç ki, Ruslanın ölümündə günahın yoxdur"

Telman Fəxrətovun ifadəsinə görə, nə baş verdiyini öyrənmək üçün oğlunun yatdığı qonaq otağına keçib: "Otaqda çarpayının üzərindəki döşəkdə qan olduğunu, pəncərədə olan çərçivəli torun çıxarılaraq yerə qoyulduğunu, evdə bir çox əşyanın üzərinə qan damcıları düşdüyünü gördüm.

Yas mərasimində gəlinim Şahanəni çağıraraq ona "and iç ki, Ruslanın ölümündə günahın yoxdur", - dedim. Şahanə heç bir söz demədi. Səhəri gün atası mənə Şahanənin and içərək Ruslanın ölümündə günahı olmadığını dediyini bildirdi. Şahanənin oyaq olduğu üçün oğlumun ölümündə ondan şübhələndim. Ruslan hadisədən iki ay əvvəl iş yerində stuldan yıxılaraq qolundan xəsarət almışdı.

Ruslanı Sabunçu rayonu 3 saylı xəstəxanaya aparmışdılar. Bundan sonra öldüyü günə kimi oğlum sağ qolunu işlətməmişdi".

"Dedi ki, sən mənim ərimlə gəzirsən"

Hüquqi varisini sözlərinə görə, Ruslanın kiçik oğlu Telmanın ondan olmadığını öyrəndiyinə görə Şahanə ilə aralarında mübahisə yaranıb: "Şahanənin Ruslanı bıçaqla vuraraq öldürdüyünü fikirləşdim. Kiçik nəvəm Telmanın Ruslanın oğlu olub-olmamasını müəyyən etmək məqsədilə qızım Lalə və nəvəm Telmandan nümunələr götürərək DNT analizi verdik.

Analizinin nəticəsinə görə Telmanla bibisi Lalənin qohumluq əlaqəsi müəyyən edilmədi. Təxminən hadisədən 2-3 il əvvəl biri hicablı olmaqli iki nəfər qadın bizim yaşadığımız mənzilə gəlmişdilər. Hicablı qadın Şahanəyə dedi ki, sən mənim ərimlə gəzirsən.

Həmin şəxslər Şahanəyə öz adı ilə deyil, Nuranə adı ilə müraciət etdilər, Şahanənin adını səhv dediklərinə görə gələn qadınların yalnışlığa yol verdiyini düşündüm, oğlum Ruslana onların səhv etdiyini söylədim. Həmin qadınlara da Şahanənin gəlinim olduğunu bildirdim. Bundan sonra həmin qadınlar evdən getdi".

"Xəyanət etməsi təsdiqini tapıb"

Telman Fəxrətov bildirib ki, səhəri gün həmin şəxslərin olmasını təxmin etdiyi şəxslər yenidən gəliblər: "Onlar qonşu İlqardan Şahanəni soruşaraq gediblər. Gələnlərin kimliyi ilə maraqlanmadım. Əminə və Şahanədən bu barədə soruşduqda, Şahanə həmin şəxsləri tanımadığını, heç kimlə münasibətinin olmadığını dedi.

İlqara başqa söz-söhbət yaranmasın deyə həmin şəxslərin Şahanənin qohumları olduğunu dedim.

Gəlinimizin oğluma xəyanət etməsi ilə bağlı şübhələrim ibtidai istintaq və məhkəmə zamanı iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapıb.

Şahanənin itmiş nişan üzüyünün evimizə gətirdiyi oğlan tərəfindən götürüldüyünü də onun ibtidai istintaqın əvvəlində verdiyi ifadəsinə əsasən bilmişəm".

"İnstaqramdan istifadə etməsindən şübhələnmişdim"

Cinayət işi üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin qayınanası Əminə Fəxrətova bildirib ki, təxminən hadisədən 2 il əvvəl bacısı İlhamə ona Şahanənin İnstaqram sosial şəbəkəsindən istifadə etdiyini deyib: "Bacım Şahanədən ona: "Arvad başa düşüb, zəng eləmə",- məzmununda mesaj gəldiyini bildirdi.

Bu barədə Şahanədən soruşanda o, həmin mesajı bacısı Samirəyə yazdığını, səhvən İlhaməyə getdiyini bildirdi. Buna görə Şahanənin atası Məstalını çağırdım, İlhaməyə göndərilən mesaj barəsində danışdım və qızının İnstaqram sosial şəbəkəsindən istifadə etdiyini, oğlanlarla söhbətləşdiyi barədə gümanımı dedim.

Şahanənin İnstaqram sosial şəbəkəsindən hansı formada istifadə etdiyini bilməmişəm. Məstalı mənə Şahanənin elə hərəkətlərə yol verən qadın olmadığını dedi. Dəqiq məlumatım olmasa da, Şahanənin telefondan çox istifadə etdiyindən onun yenə də İnstaqramda olmasından şübhələnmişdim. Guman ki, Ruslan da Şahanənin telefonunu yoxlayıb".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Şahanə Fəxrətova 11 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.