Kriminal

Əmisi arvadı ilə 10 il gizli intim əlaqədə oldu, qətlə yetirdi - Bakıda dəhşətli hadisənin TƏFƏRRÜATI

20 May 2019 21:30
7 Şərh     Baxış: 19 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qısqanclıq zəminində əmisi arvadını öldürən şəxs Ali Məhkəməyə müraciət edib.

Milli.Az News24.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək təqsirli bilinən Hüseynov Rəsul Əlövsət oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 13 illik həbs qərrından apelyasiya instansiyasına şikayət edib. Lakin Apelyasiya Məhkəməsi Rəsul Hüseynovun tələbini rədd etdikdən sonra o Ali Məhkəməyə müraciət edib və işin yenidən araşdırılmasını, barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

İşə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Qəhrəmanova Mariya Vladimirovnailə mübahisə edən R.Hüseynov onu qətlə yetirib.

İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli şəkildə davam edib.

Qaynı oğlu ilə gizli eşq yaşayan qadın Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsula qısqanclıq hissi hakim kəsilib. O, Mariya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib.
Əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Mariya hadisə yerindəcə dünyasını dəyişib.
Təqsirləndirilən şəxs qismində dindirilən Rəsul Hüseynov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. Doqquz yaşından indiyə kimi əmisi Elşadın evində, onun ailə üzvləri, uşaqları ilə birgə yaşadığını, balıqçılıqla məşğul olduğunu deyib.

Belə ki, Rəsulun anası ərindən ayrıldıqdan sonra ikinci dəfə ailə qurub. Atası isə vəfat etdiyindən, Rəsul əmisi evində böyüyüb. 22 yaşında ailə qursa da, evliliyi cəmi bir il sürüb.

2010-cu ildə adam bıçaqladığına görə həbs olunan R.Hüseynova 6 il cəza verilib. Cəzasını başa vuran Rəsul 2016-cı ildə yenidən əmisinin evində yaşamağa davam edib.

Rəsul azadlığa çıxdıqdan sonra isə əmisi Elşad cinayət törətdiyinə görə həbs olunub:

"Əmim iki ildir ki, həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım".

Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul, əmisi arvadı ilə də məhz buna görə mübahisə etdiklərini bildirib:

"Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Mariya mənə iradını bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi.

Qanı yumaq üçün hamama keçdim. Mariya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi.

Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Mariyanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub".

Əmisi arvadı ilə heç zaman yaxın münasibətdə olmadığını deyən Rəsul, istintaq zamanı belə ifadə vermədiyini məhkəmənin diqqətinə çatdırıb:

"İstintaq zamanı ifadələr müstəntiq tərəfindən düzgün yazılmayıb. Heç vaxt Mariyanı öldürmək fikrim də olmayıb".

R.Hüseynovun məhkəməyə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ilkin ifadələri elan edilib.

İstintaqa verdiyi ifadəsində R.Hüseynov təxminən on ildir ki, əmisi arvadı ilə aralarında intim münasibət olduğunu, bu münasibətdən heç kimin, eləcə də əmisinin xəbəri olmadığını, Mariyanı bir qadın kimi çox istədiyini, onu qısqandığını göstərib:

"Mariyanın əmimin yanına gedəcəyini hadisədən bir həftə əvvəl eşitmişdim, qısqanclıqdan özümə yer tapa bilmirdim. Qısqanclıq hissi məni narahat etməsin deyə yenidən araq içməyə başladım.

Mariya evə qayıdanda onu qısqandığımı, buna görə də neçə gündür içdiyimi dedim. O isə laqeydlik göstərərək içməyimə deyingənlik etdi, nalayiq sözlər dedi. Mən də əsəbiləşib vurdum".

Zərərçəkmiş şəxs qismində dindirilən Nərminə Hüseynova ifadəsində anası ilə Rəsulun arasında yaxın münasibət olduğunu hiss etdiyini, amma bununla bağlı onlara heç bir söz demədiyini söyləyib.

Anasının Rəsula daha çox diqqət göstərməsi, ona qayğı ilə yanaşması Nərminənin diqqətindən yayınmayıb.

Belə ki, anası Rəsula həmişə təzə paltar, ayaqqabılar alıb, harasa gedəndə narahat olub, dəfələrlə zəng vurub nə zaman gələcəyini soruşub:

"Onların münasibətindən heç kimin xəbəri yox idi. Rəsul anamı qısqanırdı. Anam atamın yanına görüşə gedib qayıdandan sonra Rəsul həmişə evdə söz-söhbət salır, mübahisə yaradırdı.

Rəsul anamın cəzaçəkmə müəssisəsinə gedəcəyini bilib, yenə də içməyə başlamışdı. Hər gün evə sərxoş gəlirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.