Ölkə

27 Sentyabr – şəhidlərin xatirəsinə ehtiram, Zəfərə gedən yolun başlanğıcı

27 Sentyabr 2026 14:48
Baxış: 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu gün Azərbaycan xalqı 27 Sentyabr - Anım Gününü qeyd edir. Bu tarix Vətən müharibəsində canından keçən qəhrəmanların xatirəsinə ehtiram günü olmaqla yanaşı, Azərbaycan tarixinin ən mühüm səhifələrindən birinin - 44 günlük Vətən müharibəsinin başlanğıc günüdür.

Sentyabrın 27-si Azərbaycan xalqının yaddaşında həm dərin hüzn, həm də milli qürur hissləri ilə bağlıdır. Bu tarixdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda edən şəhidlərimizin əziz xatirəsi yad edilir, onların göstərdiyi misilsiz qəhrəmanlıq qarşısında ehtiram ifadə olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilib. Sərəncamda bu günün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarda dalğalandırmış və ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş hərbçilərə, eləcə də bütün şəhidlərə dərin ehtiram əlamətidir.

27 Sentyabr 2020-ci il hadisələrini yalnız 44 günlük müharibənin başlanğıcı kimi qiymətləndirmək həmin tarixi prosesin mahiyyətini tam əks etdirməz. Bu günün arxasında Azərbaycan torpaqlarının uzun illər davam edən işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrinin dağıdılması və münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan uzunmüddətli, lakin nəticəsiz danışıqlar dayanırdı.

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın əraziləri işğal edildi. Bir sıra şəhər və kəndlər dağıdıldı, mülki əhali kütləvi şəkildə öz doğma yurdlarından çıxarıldı. Xocalı faciəsi isə münaqişənin ən ağır səhifələrindən biri kimi Azərbaycanın milli yaddaşında xüsusi yer tutdu.

Beynəlxalq vasitəçilik çərçivəsində aparılan uzunmüddətli danışıqların nəticə verməməsi də vəziyyətin dəyişməsinə səbəb olmadı. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələri qəbul edilsə də, uzun illər ərzində onların icrası təmin olunmadı.

Azərbaycan isə bütün bu müddət ərzində münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, danışıqlar yolu ilə həllinə çalışdığını bəyan edirdi.

Lakin işğalın davam etməsi, cəbhə xəttində baş verən silahlı toqquşmalar və Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribatlar vəziyyəti getdikcə gərginləşdirirdi. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr Azərbaycanın işğal faktı ilə barışmadığını bir daha göstərdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu ilə vəziyyət yeni mərhələyə keçdi. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi başlandı. Azərbaycan Silahlı Qüvvələri müharibənin ilk günlərindən etibarən bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa və digər ərazilərin azad olunması hərbi əməliyyatların gedişində mühüm mərhələlər oldu.

Prezident İlham Əliyev sonrakı çıxışlarından birində həmin dövrü belə xarakterizə edib: Azərbaycan Ordusu 44 gün ərzində irəliləyib və bu proses milli iradə, Vətən sevgisi və hərbçilərin peşəkarlığı ilə müşayiət olunub.

44 günlük müharibə Azərbaycan tarixində hərbi və siyasi baxımdan mühüm dönüş nöqtəsi oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması razılaşdırıldı. Bunun ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Beləliklə, 30 ilə yaxın davam edən işğalın aradan qaldırılması istiqamətində yeni mərhələ başladı.

Bu Zəfərin arxasında isə hər şeydən əvvəl insan taleləri, şəhidlərin həyatı və qazilərin fədakarlığı dayanır. Prezident İlham Əliyevin sözləri ilə desək, Vətən müharibəsində qazanılan Qələbəni Azərbaycan xalqına bəxş edən qəhrəman əsgər və zabitlərin şücaəti və fədakarlığı artıq dastana çevrilib.

Şəhidlər Vətən müharibəsinin ən ağır itkisidir. Onlar öz həyatlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda etdilər. Qazilər isə həmin mübarizənin canlı şahidləri kimi Azərbaycan tarixinin bu səhifəsinin ayrılmaz hissəsidir. Bu baxımdan Anım Günü yalnız keçmişi xatırlamaq deyil. Bu gün həm də şəhidlərin və qazilərin qarşısında dövlət və cəmiyyət olaraq məsuliyyətin ifadəsidir.

27 Sentyabrın Anım Günü kimi təsis edilməsi şəhidlərin xatirəsinin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm göstəricilərindən biridir.

Hər il sentyabrın 27-də saat 12:00-da Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut elan olunur. Bu sükutda bir xalqın yaddaşı danışır. Şəhidlərin adları, onların keçdiyi döyüş yolu, ailələrinin yaşadığı ağrı və Azərbaycan xalqına bəxş etdikləri Zəfər gələcək nəsillərə ötürülür.

Bu gün şəhidlərin xatirəsinin yaşadılması artıq Azərbaycanın ictimai və şəhər məkanında da öz əksini tapır.

Azərbaycanın müxtəlif şəhərlərində memorial komplekslərin, parkların və muzeylərin yaradılması Vətən müharibəsinin tarixinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bakıda 2024-cü il noyabrın 8-də Zəfər parkının açılışı keçirilib. Parkın ərazisində 44 günlük müharibənin rəmzi kimi 44 metr hündürlüyündə, 22 metr enində və 44 sütundan ibarət Zəfər tağı yaradılıb.

2025-ci il noyabrın 8-də isə Zəfər muzeyinin açılışı keçirilib. Muzeydə Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, qəhrəmanların döyüş yolu, Azərbaycanın dövlət suverenliyinin bərpası və Qarabağda aparılan dirçəliş prosesi ilə bağlı səkkiz ekspozisiya zalı yaradılıb.

Beləliklə, şəhidlərin xatirəsi yalnız müəyyən günlərdə anılmır. Onların adı və qəhrəmanlığı ölkənin tarixində, şəhər məkanlarında və gələcək nəsillərin yaddaşında yaşadılır. 2025-ci ildə Anım Günündə Gəncədə Memorial Kompleksin açılması da bu istiqamətdə atılmış addımlardan biri oldu. Kompleks 2020-ci ildə Ermənistanın raket hücumları nəticəsində həlak olmuş günahsız insanların xatirəsinin əbədiləşdirilməsi və müharibənin acı reallıqlarının gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin sosial müdafiəsi istiqamətində müxtəlif proqramlar həyata keçirilib.

Bu prosesdə dövlət qurumları ilə yanaşı, "YAŞAT" Fondu da mühüm rol oynayır. Fondun əsas istiqamətlərindən biri şəhid ailələrinin və müharibə nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial problemlərinin həllinə dəstək göstərməkdir. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət yalnız maddi yardımla məhdudlaşmır. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müalicəsi, reabilitasiyası, məşğulluğunun təmin olunması və sosial həyata inteqrasiyası istiqamətində də tədbirlər görülür. Bu yanaşmanın əsas mahiyyəti ondan ibarətdir ki, Vətən uğrunda canından keçənlərin ailələri və sağlamlığını itirən hərbçilər cəmiyyətin diqqətindən kənarda qalmamalıdır.

44 günlük Vətən müharibəsinin mühüm xüsusiyyətlərindən biri də Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlik və həmrəylik oldu. Cəbhədə Azərbaycan əsgəri, arxa cəbhədə isə milyonlarla insan eyni məqsəd ətrafında birləşdi.

"Dəmir yumruq" ifadəsi həmin dövrdə yalnız hərbi əməliyyatların deyil, həm də xalq, dövlət və ordu birliyinin simvoluna çevrildi. Müharibə dövründə xalqın Azərbaycan Ordusuna göstərdiyi mənəvi və maddi dəstək, şəhid ailələrinə münasibət, qazilərə diqqət və informasiya cəbhəsində nümayiş etdirilən həmrəylik milli birliyin mühüm nümunəsi kimi tarixə düşdü.

27 Sentyabr Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu gün bir tərəfdən Vətən uğrunda həyatını itirən insanların xatirəsi qarşısında baş əyirik, digər tərəfdən onların canı bahasına əldə edilmiş tarixi nəticəni dərk edirik.

Prezident İlham Əliyev Anım Günündə şəhidlərin xatirəsini yad edərkən onların yaxınlarına müraciətlə bildirib ki, şəhidlərin qanı yerdə qalmayıb və onların qisası döyüş meydanında alınıb.

Bu fikirlər Anım Gününün mahiyyətini də ifadə edir: şəhidlərin xatirəsi yalnız kədər hissi ilə deyil, onların uğrunda can verdiyi Vətənin qorunması və inkişaf etdirilməsi məsuliyyəti ilə yaşadılmalıdır.

Anım Günü bununla da özündə iki mühüm məqamı birləşdirir: şəhidlərin qarşısında sonsuz ehtiram və onların bizə miras qoyduğu Vətən qarşısında məsuliyyət.

Azərbaycan xalqının yaddaşında 27 Sentyabr hər zaman şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi, milli birliyin və Vətən sevgisinin təcəssüm etdiyi gün kimi yaşayacaq.

Çünki Zəfərin tarixini yazanlar yalnız döyüş meydanında silah tutan qəhrəmanlar deyil, həmin Zəfər naminə həyatını fəda edən şəhidlərdir.

Onların xatirəsi əbədidir.

Sevil Mikayılova
Milli Məclisin deputatı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.