Kriminal

Ukrayna vətəndaşı fermada qul kimi işlədildi - Ağstafada şok olay

15 Mart 2019 20:29
2 Şərh     Baxış: 2 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa rayonunda Ukrayna vətəndaşını məcburi əməyə cəlb etməkdə təqsirli bilinən 1960-cı il təvəllüdlü Şahin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Şahin Əliyev 2007-ci il sentyabr ayının əvvəllərində Aleksandr Zıkovu məcburi əməyə cəlb etmək məqsədi ilə sonuncuya məxsus pasport və hərbi bileti ondan alıb və özündə saxlayıb.

Eləcə də onu psixi təsir göstərib, daim qorxu altında azadlığını məhdudlaşdırıb. Şahin Əliyev Zıkovu Ağstafa rayonunun, Köçəsgər kəndində yerləşən, özünə məxsus iri və xırda buynuzlu mal-qara fermasında işlədib. Bəzən ona zor tətbiq etməklə və ya hədələməklə heyvanlara baxmağa, fermada təmizlik işləri görməyə məcbur edib.

İstintaq orqanı tərəfindən Şahin Əliyevin barəsində Cinayət Məcəlləsinin 144-2.1-ci (hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə) və 144-3.4-cü (insan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Əliyev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalam Şahin Əliyev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət verilməsini istəyib. Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayətlərin şikayətinə bir müddət əvvəl Gəncə Apelyasiya Məhkəməsində baxılıb və prokurorun protesti təmin olunmayıb.

Təqsirləndirilən şəxsinsə apelyasiya şikayəti qismən təmin edilib, onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, cəzası şərti hesab edilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror işdə ağırlaşdırıcı halların nəzərə alınmasını, işin yenidən apelyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Prokurorun protestinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb və şikayət təmin olunub. Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işə yenidən apelyasiya instansiyasında baxılması barədə qərar qəbul edilib.

Gəncə Apelyasiya Məhkəməsində şikayət bu dəfə hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin olunmayıb, prokurorun protesti qismən təmin edilib.

Qərarda qeyd olunub ki, Şahin Əliyevin barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası icraya yönəlib.

Şahin Əliyevin əvvəllər həbsdə saxlanıldığı günlər nəzərə alınıb və onun barəsində qəti olaraq 1 il 8 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Onun cəzasının əvvəli 2017-ci il avqustun 14-dən hesablanıb.

Bu qərardan narazı qalan Şahin Əliyev kasasiya şikayəti verib. O, Ali Məhkəmədən barəsində bəraət verilməsini istəyib. Həmçinin prokurorda yenidən kasasiya protesti verib. Prokuror Şahin Əliyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəflərin şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayətlər hakim Şahin Yusifovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Kasasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Həm təqsirləndirilən şəxsin şikayəti, həm də prokurorun protesti təmin edilməmiş saxlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.