Bakının Suraxanı rayonunda azyaşlı övladına amansız işgəncə verməkdə ittiham olunan Fatimə Ramazanovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Milli.Az Teleqraf-a istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və Fatimə Ramazanovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızı Mələyə mütəmadi işgəncə verdiyi məlum olub.
Hadisədən xəbər tutan polis əməkdaşları qadını saxlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.
Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, onun bədənində salamat yer qalmadığını etiraf edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
---------
00:56
23 yaşlı anası tərəfindən amansızlıqla döyülən, işgəncəyə məruz qalan 3 yaşlı Mələyin sosial şəbəkədə yayılan videoları hər kəsi dərindən sarsıdıb.
Körpəyə qəyyumluq edən Cəmilə Nəsirovanın sözlərinə görə, uşağın atası narkotik aludəçisidir.
Bu məlumatı ona Mələyi döydüyü üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan ana Fatimə Ramazanova verib.
Cəmilə Nəsirova bildirib ki, Fatimə Ramazanova övladına işgəncə verərkən tək olmayıb:
"Roma adlı sevgilisi var idi. Fatimənin rəfiqəsi "TikTok"da Mələyə işgəncə verilən videonu paylaşmışdı. Oğlum hesaba daxil olaraq yazıb ki, həmin videonu silin, Mələyin üzü görünür. Ona cavab yazıblar ki, Mələyin qarın, qol nahiyələrinə Roma dağ basıb. Azyaşlını Fatimə ilə yanaşı, Roma da döyürdü".
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, azyaşlının aldığı zərbələr onda psixoloji gərginlik yaradıb, hazırda vəziyyəti kafi qiymətləndirilir:
"Şükürlər olsun ki, Mələyin sınıqlarla bağlı ciddi fəsadları yoxdur. Amma bədənində, üzündə, başında çox ciddi travmalar var, toxumalar zədələnib, açıq yarası var. Tərbiyəçilərin, pedaqoqların nəzarəti onun üzərindədir".
------------
2025.03.06
Bir neçə gündür ki, doğma anası tərəfindən şiddətə məruz qalan 3 yaşlı qızcığaz Azərbaycan Uşaqları İctimai Birliyinin sığınacağındadır.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Mələyə sahib çıxan, öz övladlarından seçməyən, ona lap körpəlikdən sevgi verən, qəyyumluq edən ailə var imiş.
Məlum olub ki, Mələk 3 yaş 8 aylıqdır. 1 yaş 4 aylığından isə Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpə qızcığaza qəyyumluq edir. Cəmilə xanım deyir ki, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, gənc ana övladına baxmaq üçün ailə axtarır. O, uşağın şəklini görür və razılaşır:
Qadın deyir ki, Fatimə Ramazanova yenidən öz övladını Nəsirovlar ailəsinə təhvil verir və ailəyə qəyyumluq verəcəyini vəd edir:
Cəmilə Nəsirova bildirir ki, Fatimə Ramazanova ailəyə yalandan vəd verir, amma qəyyumluq yox. 2024-cü ilin dekabrından yenidən uşağı ailədən alır, bu dəfə isə işgəncə verir.
İndi Nəsirovlar ailəsi balaca Mələyin yolunu səbirsizliklə gözləyir.
-----------------
2025.03.05
Övladına işgəncə verən qadın saxlanılıb, haqqında cinayət işi başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib.
O bildirib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
"Aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır",- deyə o əlavə edib.
-------------
2025.03.03
Sosial şəbəkələrdə azyaşlı qıza anası tərəfindən şiddət göstərilməsini əks etdirən görüntü yayılıb.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Görüntüdə uşağın bir ayağı üstə küncə qoyulduğu aydın olur. Anası tərəfindən çəkilən kadrlarda azyaşlının döyüldüyü, bədənində salamat yerin olmadığı etiraf olunur.
K. Ağazadənin sözlərinə görə, anası azyaşlını ötən gün kəmərlə döyərək həyətə atıb. Hazırda isə telefon zənglərinə cavab vermir: "Ana telefonları açmır, amma yəqin ki, izləmək olar. Azərbaycan Uşaqlar Birliyi olaraq uşağı qəbul etməyə hazırıq. Ana isə məcburi müalicəyə göndərilməli,valideyn hüquqları məhdudlaşdırılmalıdır!"
Görüntülərin necə yayıldığı isə məlum deyil.
Yayılmış görüntülərlə bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirdi ki, artıq azyaşlıya şiddət göstərən şəxs müəyyən olunub: "Sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Həmin şəxsin kimliyi artıq müəyyən olunub və onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək".
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də məsələnin araşdırıldığı qeyd edildi: "Hazırda bu məsələ ilə bağlı araşdırma gedir. Aidiyyəti qurumlara da rəsmi müraciət olunub. Ana sabah üçün polisə dəvət olunub. Əgər gəlməsə, evinə səfər olunacaq. Həmçinin uşağın vəziyyəti araşdırılacaq".
Milli.Az