Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.
Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.
Məlumata görə, Elxan Vaqif oğlu Abdiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Humay Gəray qızı Abdiyevaya gecə saat 00 radələrindən başlayaraq, səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyüb, başına, eləcə də bədəninin müxtəlif nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.
Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.
Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Cütlüyün Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.
Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az