Kriminal

Bakıda peşə liseyinin həyətində dəhşət - Tələbələrin içində məni söydü... - TƏFƏRRÜAT

22 May 2024 14:40
Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda elektron qəlyan üstündə tələbə yoldaşını bıçaqlayan şəxsə hökm oxunub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, 2008-ci il təvəllüdlü Telman Məmmədov (ad şərti) Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, hadisə 2023-cü ilin dekabr ayında baş verib.

16 yaşlı Telman Məmmədov Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi adlanan peşə liseyində təhsil alır. O, dərslər arası fasilə zamanı tələbə yoldaşı Səbuhi Zamanovun (ad şərti) xahişi ilə özünün elektron qəlyanını müvəqqəti çəkmək üçün ona verib. Dərs başa çatandan sonra Telman Səbuhidən elektron qəlyanını istəsə də, geri verməyib. Nəticədə peşə liseyinin arxasında tələbələr arasında mübahisə düşüb. Telman üzərində gəzdirdiyi bıçaqla Səbuhiyə 3 dəfə ağır zərbə endirib.

Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli olduğunu bildirib. Onun sözlərinə görə, Səbuhi "ürəyim belə istəyir, qəlyanı qaytarmayacam" deyib:

"Qəlyanı çəkdikdən sonra Səbuhidən qaytarmasını istədim, amma o, qəlyanımı qaytarmayacağını, ürəyinin belə istədiyini dedi. Məktəbdən bayıra çıxıb, bir də qəlyanımı geri istədim. Yenə vermədi. Qorxutmaq üçün ona bıçaqla 3 dəfə vurdum. Əməlimdən peşmanam".

Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs qeyd edib ki, o, hər zaman üzərində bıçaq gəzdirmir, Səbuhini öldürmək niyyəti olmayıb. 

Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Səbuhi Zamanov ifadəsində göstərib ki, elektron qəlyanı qaytarmaq yadından çıxıb:

"Telmandan qaytarmaq şərti ilə elektron siqaretini aldım. Lakin onu qaytarmaq yadımdan çıxdı. 1 dərs sonra Telman tələbələrin içində mənə qarşı söyüş söydü. Əsəbiləşib Telmana elektron siqareti vermiyəcəyimi dedim. Dərs bitəndən sonra çölə çıxdıq. Telman nə qədər yanına çağırsa da, getmədim. Sonra yenə söyüş söyüb çağırdı. Yaxınlaşıb kənarda söhbət edə biləcəyimizi dedim. Qəfil böyrək tərəfimdən nə isə dəydiyini hiss etdim. Elə bildim yumruqla vurub. Telmana əl qaldırmaq istəyərkən müvazinətimi itirib yıxıldım".

Məhkəmə iclasında şahid qismində dindirilmiş peşə məktəbinin gözətçisi Lütfiyar Əhmədov qeyd edib ki, məktəbin arxasına çatanda Telmanın əlində bıçaq görüb:

"Məktəbin arxasından səslər eşitdim. Şagirdlərdən nə baş verdiyini soruşanda Telmanla Səbuhinin dalaşdığını dedilər. Arxa həyətə qaçanda Telmanın əlində bıçaq gördüm. Əlindən bıçağı alıb, gözətçi məntəqəsinə apardım".

Şahid Lütfiyar Əhmədovun istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadə elan olunub:

"Telman əlində bıçaqla Səbuhini yenidən vurmaq istədiyini gördükdə ona yaxınlaşıb üstünə qışqırdım və bıçağı onun əlindən aldım. Telmanın əlindən bıçağı almasaydım o, Səbuhiyə bıçaq zərbələri vurmağa davam edəcəkdi. Telmanın əlindən bıçağı məcbur dartıb aldım".

Proses iştirakçılarının suallarını cavablandıran şahid Lütfiyar Əhmədov bildirib ki, nəyisə xatırlamamış ola bilər.

Şahid qismində dindirilmiş digər tələbə Emal sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin elektrik-qaz qaynaqçısı ixtisası üzrə 1-ci kursu üzrə təhsil aldığını deyib:

"Digər tələbə yoldaşlarımla durmuşdum. Eşitdim ki, Telmanla Səbuhi qışqırır. Kamranla birlikdə qışqırıq gələn tərəfə getdik. Səbuhi Telmanın onu bıçaqladığını dedi. Səbuhinin üstü qan idi. Arxaya dönəndə Telman məni də bıçaqlamaq üçün üstümə cumdu. Əlindən tutub divara itələdim. Gözətçi bıçağı Telmanın əlindən aldı".

Onun istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədəki arasında ziddiyyətlər olduğundan ifadəsi elan edilib:

"Təxminən 2 dəqiqə sonra Səbuhinin səsini eşitdim. Səbuhi qışqıraraq "bıçaqladı məni" dedi. Onun səsini eşidən kimi məktəbin böyür hissəsinə keçib onların yanına qaçdım. Ora çatanda gördüm ki, Səbuhinin sol böyür hissəsi qana bulaşıb və Telman onu bıçaqla vurub. Həmin vaxt Telman Səbuhini bıçaqla vurmağa davam etmək istəyərkən Səbuhi ayağı ilə onu itələdi. Bu zaman hadisə yerinə məktəbin mühafizəçisi Lütfiyar dayı gəldi və Telmanın əlindən bıçağı aldı".

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Telman Məmmədov 29,120.1-ci maddə ilə təqsirli bilinib. Məhkəmənin yekun qərarı ilə ona 7 il 10 ay həbs cəzası verilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.