Ölkə

Bakıda beynəlxalq narkoşəbəkəyə daxil olan daha bir norkokuryer saxlanılıb - VİDEO - FOTO

10 Noyabr 2021 19:42
1 Şərh     Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən xarici ölkələrdə yaşayan narkotacirlər üçün paytaxt ərazisində narkokuryerlik edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş İdarəyə paytaxt sakini olan Aydın Məmmədovun Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Sabunçu rayonu ərazisində saxlanılaraq Baş İdarəyə gətirilib.

Aydın Məmmədovun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 6 ədəd bağlamada satış üçün qablaşdırılan ümumi çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin və 130 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Aydın Məmmədov sosial şəbəkələrdə tanış olduğu və xarici ölkədən Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən şəbəkənin narkokuryerlik təklifi ilə razılaşaraq bu işlə məşğul olub.

Paytaxtın demək olar ki, bütün rayonlarında narkotik vasitələrin satışını həyata keçirən Aydın Məmmədov beynəlxalq narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən biri olub. Onun vasitəsi ilə narkotik paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirilərək qanunsuz dövriyyəsi təşkil edilib.

Aydın Məmmədovun bu qanunsuz fəaliyyətinin qarşılığında əldə etdiyi külli miqdarda maddi vəsaiti müxtəlif yollarla xarici ölkələrdəki narkotacirlərə göndərib.

Aşkar edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.