Ölkə

Qonaq gedirəm deyib, müharibəyə yollanan şəhidimizin anası: Allah dövlətimizi qorusun - FOTO

16 İyun 2021 17:12
Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi Azərbaycan xalqının ən parlaq tarixi səhifələrindən bir kimi yaddaşlarda qalacaq. Bir xalqın, bir millətin üzü ağardan, qürurnu, kimliyini özünə qaytaran bu savaş şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına və Azərbaycan Prezidentininin qətiyyətli siyasəti nəticəsində qələbəmizlə yekunlaşdı.

Məsəl var: Uğrunda ölən varsa, vətəndir! Bəli, 30 illik işğal, Vətən həsrəti məhz uğrunda canını belə qurban verməyi gözə alan qəhrəmanların sayəsində bu gün azaddır. Belə qəhrəmanlarımızdan biri də Vətən müharibəsinin şəhidi Xəqani Fətiyevdir.

Milli.Az-a açıqlama verən qəhrəman şəhidimizin anası Sara xanım ilk vaxtlar oğlunun müharibəyə yollandığından xəbərsiz olduqlarını bildirib:

"Oğlum Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu idi. Xəqani 7 il idi ki, Beyləqanda Həmlə Taborunda xidmət edirdi. Ailəsi ilə elə orada qalırdı. Oğlumun dörd övladı qaldı. Bu uşaqların 3-ü böyükdür, biri isə təxminən 17 gündür anadan olub. 

Oğlum 6 ay kurs keçmişdi. Kursdan qayıdandan sonra bizlə az-az əlaqə saxlayırdı. Sentyabrın 27-si ərəfəsində mənə zəng etdi ki, "Ana, gəl uşaqları apar". Ondan səbəbini soruşdum, dedi "Ana, bizi qonaq aparırlar". Mənə başqa heç bir məlumat vermədi. Sentyabrın 27-si müharibə başlayanda biz bildik ki, Xəqani müharibədə iştirak edir.

Özü topçu olub, müharibənin ilk günləri tuşlayıcı maşında döyüşüb. Onların maşınını vurublar, Xəqani qrantamiyot götürüb. Döyüşə-döyüşə gediblər, Füzulinin Qırmızı Bazar deyilən yerində şəhid düşüb. O zaman biz ona tez-tez zəng etdik, zəng çatmadı. Müharibənin başladığı gündən 2 gün sonra (sentyabrın 29-u) Xəqani Qırmızı Bazarda şəhid olub. Füzulinin 6 kəndinin azad edilməsində mənim oğlum da iştirak edib. 

Döyüş zamanı Xəqaninin iki-üç dostu vurulub. O, qayıdıb yaralı dostlarını səngərə çəkib, qayıdanda onu vurublar. Qayıdırmış ki, qumbaraatanını götürsün, elə o məqamda oğlum düşmən tərəfindən vurulub. Bizim bundan xəbərimiz olmadı. Xəbər çıxmadığı üçün biz bir ay oğlumu axtardıq. Füzuli torpağına qədər gedib çıxdım. Ondan yenə də bir xəbər ala bilmədim. Ağlaya-ağlaya evə qayıtdım. Sonra bizə məlumat verdilər ki, Xəqaninin şəhid olduğu ərazi ermənilərin mühasirəsində olduğundan onun cənazəsini götürmək hələlik mümkün deyil. Günlər sonra bizə zəng gəldi ki, Fətiyev Xəqanini gətirmişik". 

Sara xanım dövlətin onun şəhid övladının ailəsinə göstərdiyi qayğıdan razılıq edib:

"Sağ olsun dövlətimiz, bizə qayğı göstərirlər. Xəqaninin şəhidliyinə görə "YAŞAT" Fondu müavinət verdi. Fond 15 min manat bir verdi, 11 min manat bir, 10 min də bir verdi. Bu yaxınlarda oğlumun dünyaya gələn, adını qoyduğumuz körpəsinin adına "YAŞAT" Fondu 5 min manatlıq depozit açıb. Ümumiyyətlə Fond oğlumun övladlarının nə xəstəlikləri varsa, müalicəsini üzərinə götürüb, necə lazımdı etdiriblər. Hətta Xəqaninin şəhidlik xəbərindən sarsılan gəlinim də xəstəlik tapdı. Onun da müalicəsini "YAŞAT" Fondu öz hesabına necə lazımdırsa, etdirdi. Allah dövlətimizi qorusun. Çox razıyam".

Qeyd edək ki, Xəqani Fətiyev vətən müharibəsi başlayandan Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Düşmənin canlı qüvvəsinin məhv edilməsində böyük şücaət göstərib. Xəqani Fətiyev ölümündən sonra  ''Cəsur döyüşçü '' və ''Füzulinin azad olunmasına görə'' medalları ilə təltif edilib. 

Təhməz Əsədov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.