Ölkə

Daha bir “saxta qazi” məsələsi gündəmdə - Elnur Əfəndiyevlə bağlı qalmaqal böyüyür

8 İyun 2021 14:01
Baxış: 4 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə müzakirə olunan əlil Qarabağ döyüşlərində yaralandığını, sonradan həbsdə olması səbəbindən sənədlərini vaxtında toplaya bilmədiyini söyləyir; bəs qanun nə deyir?

Bir neçə gündür Qarabağ qazisi olub-olmadığı mübahisə doğuran Elnur Əfəndiyevlə bağlı mediada və sosial şəbəkələrdə müzakirə açılıb. Sosial şəbəkələrdə bir qisim insan artıq qazi adı ilə bağlı saxtakarlıqlara son qoyulmasını yazarkən, digər bir qisim insan da əllərini, ayaqlarını itirmiş bir insana səbəb nə olursa-olsun humanist yanaşılmasını tələb edir. Qeyd edək ki, Baku TV-də bir neçə gün öncə Elnur Əfəndiyev və onun ailəsi haqqında reportaj yayımlanıb. Bu reportajda iki uşaq atası olan E.Əfəndiyev özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edib. O, Ağdam uğrunda gedən döyüşlərdə yaralandığını, bu zaman müxtəlif qəlpə yaraları aldığını, sonradan isə zəhərlənmələr nəticəsində ayağında və əllərində yaranan qanqrenadan bu vəziyyətə düşdüyünü bildirib.

Bundan sonra sosial şəbəkələrdə Elnur Əfəndiyevin qaziliyinin saxta olduğu qeyd edilib. Bunun ardınca Qafqazinfo.az saytı Elnur Əfəndiyev haqqında material dərc edib və ölkənin tanınmış qazilərinin fikirlərini də qeyd edib. Məlum olub ki, Elnur Əfəndiyevin özünü qazi kimi təqdim etməsinə qarşı hələ bir neçə il öncə Qarabağ Əlillər Cəmiyyətinin və "Qarabağ qaziləri" İctimai Birliyinin mərhum sədri Etimad Əsədov qarşı çıxıb və haqqında aşağıdakıları yazıb: "O, Qarabağ əlili deyil. Elnur keçmiş məhkumdur. Həbsxanada olanda borcu olub. Ödəyə bilmədiyinə görə də damarına iynə vurub. Bunun nəticəsində o, iflic olub, həkimlər isə onun əl və ayağını kəsmək məcburiyyətində qalıb. Həmin şəxs kifayət qədər imkanlıdır. Elnuru tanıyırıq. Əyninə hərbi forma geyinir və əlil arabasında oturub dilənir, özü də çox imkanlı bir dilənçidir. Altında 100 min manatlıq "cip"i, 200 min manat dəyərində obyektləri var. Elnurun adamları var, onu reklam edib pul yığdırırlar. Onun kimi insanlara kömək etmək olmaz. O, dələduzdur, şəhidlərimizin, Qarabağ əlillərinin adına ləkədir", - deyə baş qazi açıqlama vermişdi.

I Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu da "Qafqazinfo" ya açıqlamasında Etimad Əsədovun vaxtilə E. Əfəndiyev barəsində araşdırma apardığını bildirib. O qeyd edib ki, vaxtilə həbsxanada olarkən sözügedən şəxsin qumar borcu yaranıb: "Buna görə də onun ciddi problemləri olacaqmış. Onu başa salıblar ki, damarına iynə vursun. O da  belə bir üsula əl atıb.  Bundan sonra  onun səhhətində bu cür fəsadlar yaranıb. Əlini və qolunu itirib. Düzdür, əlildir, onun da yaşamaq haqqı var. Ancaq  müharibə qazisi adından istifadə etmək düzgün deyil. Bildirir ki, Şirin Mirzəyevin batalyonunda döyüşüb. Bizim batalyonda elə adam olmayıb, yalan danışır. Əvvəllər "Neftçilər" metrosunun qabağında dayanırdı, dilənçilik edirdi. Ağsu-Şamaxı yolunda onun bir kafesi də var".

Bundan  başqa, Müdafiə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, Müharibə Veteranları siyahısında bu şəxsin ad və soyadı yoxdur. Qeyd olunub ki, Müdafiə Nazirliyi tərəfindən E.Əfəndiyevə heç bir rəsmi sənəd verilməyib.

Göründüyü kimi, ittihamlar çox ciddidir. İkinci bir faktor isə Elnur Əfəndiyevin yaşı ilə bağlı məqamdır. Belə ki, 1976-cı il təvəllüdlü olan E.Əfəndiyev 1992-ci ildə 16 yaşında olub, onun hərbi xidmətə çağırış yaşı 1994-cü ilə təsadüf edir.

"Yeni Müsavat"a danışan Qarabağ qazisi  Rey Kərimoğlu bildirdi ki, vaxtilə mərhum qazimiz  Etimad Əsədov bu şəxs haqqında demişdi, mən də bu sözləri təsdiqləyirəm ki, o insan yalançıdır: "Bizim onunla heç bir şəxsi qərəzimiz yoxdur. İnsandır, iki qolunu, iki ayağını itirib. Ancaq deyir ki, Şirin Mirzəyevin batalyonunda vuruşmuşam, bizdə elə adam olmayıb. Onun vəziyyətinə ürəyim ağrıyır, qolu , ayağı yoxdur. Ailə qurub, Allah onu xoşbəxt eləsin, qolunu, ayağını itirib. Ancaq yalan danışmasın. Deyir Yavər Babayevin rotasında vuruşmuşam, Yavər Babayevin də müavini Rafiq Kərimov sağdır,  o  da mənə zəng edib ki, bizdə elə adam olmayıb. Dövlət araşdırsın, Müdafiə Nazirliyi son sözü desin".

Rey Kərimoğlu:

Rey Kərimoğlu 

Bütün bu qeyd  olunan məqamlara Elnur Əfəndiyevin də münasibətini öyrənmək və obyektivliyi qorumaq  üçün  onunla da əlaqə saxladıq.  E.Əfəndiyev "Yeni Müsavat"a son qalmaqalla bağlı danışaraq bildirdi ki, əlilliyinin səbəbi Qarabağ savaşında aldığı yaralardır: "Bilmirəm o qazilər mənim nəyimdən qorxurlar. Mən necə deyim ki, döyüşməmişəm. Axı mən də Qarabağda döyüşmüşəm, yaralanmışam, qalıb orada donmuşam. Mənim bu gün əllərimin, ayaqlarımın olmamasının səbəbi həmin döyüşlərdə yaralanmağımdır. Mən 18 yaşımda yaralanmışam, özüm də Naxçıvanski adına hərbi məktəbin kursantı olmuşam. O qazilər məni tanımır, haqqımda yazanların 99 faizi məni tanımır".

Müdafiə Nazirliyinin "veteranlar siyahısında belə bir şəxs yoxdur" açıqlamasına  gəlincə, E.Əfəndiyev deyir ki, o, qaziliyini uzun illər sonra müdafiə etməyə başlayıb və hələ Müdafiə Nazirliyinə sənədlərini verməyib: "Mən 20 il xəstəxanadan çıxa bilməmişəm, 12 dəfə qanqrenaya görə əməliyyat olunmuş adam sənəd dalınca gedib həll edə bilərdimi?"

E.Əfəndiyev həbsdə olduğunu da gizlətmir: "Bəli, mən 8 il həbsdə olmuşam. Müharibədən yaralı-yaralı həbsə getmişəm, irinim axa-axa həbsə getmişəm. Elə həbsə getməyimin səbəbi də müalicələrim üçün pul axtarıb tapa bilməməyim, kimlərləsə mübahisələrə düşməyim, kimlərinsə toruna düşməyim olub. 8 ilim də elə getdi. O vaxt dövlət başçısına məktub yazdım, araşdırdılar, əfv edib, məni buraxdılar. Mən həbsdə ola-ola  əməliyyatlar keçirdim, 13 dəfə məni kəsib-doğrayıblar. Bu qədər əməliyyat keçirən adam, vaxtını itirən adam, yiyəsi olmayan, pulu, imkanı olmayan adam necə gedib qazilik sənədlərini düzəldə bilərdi? O vaxt 145 nömrəli poliklinika hərbi poliklinika idi, yaralananlara sənəd verirdi. Biz müraciət edəndə orada rus adı ilə erməni bir şəxs oturmuşdu, görə-görə ki, ayaqlarım, əllərim, dırnaqlarım qap-qaradır, yenə də atamdan pul istədi. Atam da əsəbiləşdi, mübahisə oldu və o sənədi ala bilmədim. Onlar möhürləməliydilər, mən sığorta pulu almalıydım. Sənədimin üstünə yararsız yazmadı. O zaman 1993-94 il idi. Mənim müəllimlərim, ətrafım var, döyüş yoldaşlarım var. Rota komandirimin adı Cavanşirdir, soyadı səhv etmirəmsə, Məmmədov, özü də hazırda Gəncədədir. Başqa bir döyüş yoldaşımın notarial qaydada təsdiq olunmuş ərizəsi var ki, bir yerdə döyüşdə olmuşuq. Ətrafımda həyatda qalan bir neçə döyüş yoldaşım  var".

E.Əfəndiyev dilənçilik etdiyini də etiraf edir: "Mənim Qazilər Birliyi ilə mübahisəm olmuşdu, hələ əlilliyimi müdafiə etməmişdim. Əlimdə isə hərbi həkim komissiyasının rəyi, hərbi hospitalın verdiyi yaralanmamla bağlı kağızları götürüb getmişdim ki, mən çürüyürəm, dözə bilmirəm, mənə kömək edin. Onlar mənə sərt cavab verdilər və o zamandan bizim aramızda mübahisə düşdü. Bu gün də mənim əleyhimədirlər, haqqımda olan-olmazı danışırlar, tanımadan-bilmədən. Məni tanıyanlar var. Ağsu rayonu, Kalva kənd bələdiyyəsinə sorğu verin, görün  mən döyüşmüşəm, yoxsa yox. Onlar məni əliboş göndərdikləri üçün gəlib oturdum yolda, bir aksiya kimi... İnsanlar mənə mərhəmətlə yanaşdı, yardım etdi. Mən öz əməliyyatlarımın pulunu belə əldə etdim. 12 dəfə əməliyyat keçmək hər insanın gücündə deyil. Hamısına pul lazımdır, maşın lazımdır, gedib-gəlmək lazımdır. Mən 5 il yolda oturdum , ancaq dilənmədim,  xalqıma sığındım ki, mənə kömək etsinlər, yaralarımı sağaldım. Allah kömək oldu, mənə verilən pullarla yaralarımı sağaltdım. Gördüm yenə də düzəlmirəm, Mehriban xanım Əliyevaya məktub yazdım, o, mənim sənədlərimi Topçubaşov adına xəstəxanaya yolladı, göstəriş verdi. Rəhmətlik Əşrəf Vəliyev məni hər iki ətrafdan, ürəyimdən, bir də ağciyər nahiyəmdən əməliyyat elədi, damarlarımı bərpa etdi. Ondan sonra "qanqrena"m dayandı, xoşbəxt həyata başladım, evləndim, iki körpə balam var".

Elnur Əfəndiyev vurğuladı ki, hələ sənədlərini Müdafiə Nazirliyinə təqdim etməyib, lakin veteran adını almaq üçün lazım olan bütün sənədlərini toplayıb: "Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalında mən artıq 3-cü ildir ki, veteranlığımı müdafiə etmişəm, I qrup Qarabağ əlili kimi pensiya alıram, Prezident təqaüdü alıram. Dövlət  9 noyabr Bayraq günündə mənə maşın hədiyyə etdi. Hazırda Ağsu Rayon İcra Hakimiyyəti I qrup Qarabağ əlili kimi mənim üçün ev tikintisinə sərəncam verib. Mən isə uşaqlarımın normal təhsil alması üçün Bakıda ev verilməsini istəyirəm. Bütün varımı-yoxumu uşaqlarımın təhsilinə xərcləyəcəm. Yazırlar ki, mənim yüzminlik obyektlərim var. Gedib elektron sistemdə axtarsınlar, özümün də, həyat yoldaşımın da, anamın da, atamın, qardaşımın da adına olan nə varsa axtarın, görün nə çıxacaq. Bir maşınım var, bazara çıxarıb 5 min manata sata bilmirəm. Onu da Leyla xanım Əliyeva Hacı Nuran vasitəsilə mənə pul göndərmişdi ki, xəstəxanalara taksi ilə gedib gəlməyim. Mən hökumətimdən razıyam, polis, icra başçısı, digər hökumət nümayəndələri hamı məni tanıyır, qəbul edir, hörmətlə yanaşır".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də sorğu göndərmişik və Elnur Əfəndiyevin elektron informasiya sistemində necə qeydiyyata alındığı, müharibə veteranı kimi tanınıb-tanınmaması ilə bağlı sorğumuz hazırda araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.