KİV haqqında qanunun ümumilikdə dəyişməsinə çoxdan zərurət yaranıb.
Bunu Milli.Az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib.
O bildirib ki, sosial şəbəkələr üzərindən milli təhlükəsizliyi təhdid edən KİV adı ilə yaradılan çoxlu sayda yeni strukturlar var:
"Onu qeyd edək ki, "KİV haqqında Qanun"un əvvəlki versiyasının özündə müəyyən boşluqlar var idi. Xüsusi olaraq KİV təsisçiliyi haqqında bəndlərdə xüsusi bir boşluq özünü göstərirdi, o boşluqların aradan qaldırılması lazımdır. Zaman keçdikcə o boşluqları aradan qaldırmaq üçün KİV qanununa çoxsaylı dəyişikliklər edilib. Hesablamamıza görə, o qanuna orta hesabla təqribən 78 əlavə və dəyişikliklər edilib. Bu da bir az absurd görünür, çünki qanun özü 62 maddədən ibarətdir, amma ona 78 dəfə dəyişiklik edilib, hələ də qanunu normal bir hala gətirmək olmayıb.
Son dövrlər isə burada yeni bir problem ortalığa çıxıb, çünki faktiki olaraq KİV haqqında mövcud qanun onlayn medianın fəaliyyətini tənzimləmir. Mən burada "sosial şəbəkələr" demək istəmirəm, sosial şəbəkələrdəkilər başqadır. Amma onlayn medianın və sosial şəbəkələr üzərindən qurulub, özünü KİV qurumu elan edən media qurumları var. Bunlar hansılar ki, sosial şəbəkələr üzərindən yayılan TV-lərdir və başqalarıdır. Bunlar faktiki olaraq strukturlarına görə özlərini KİV qurumları elan etsələr də standartlarına görə orada fərqli davranırlar və bunlar haqqında müəyyən bir ölçünün götürülməsinə təbii ki, ehtiyac var. Çünki cəmiyyətdə ciddi şəkildə çaşqınlıq yaradırlar. Əgər bunlar KİV qurumudurlarsa, təbii ki, KİV haqqında standartlara əməl etməlidirlər, yox, KİV qurumu deyillərsə, şəxsi profildirlərsə, o zaman bunlar artıq KİV adlandırılmamalıdır və başqa bir formada tənzimlənməlidirlər.
Məsələ orasındadır ki, bizim "KİV haqqında Qanun" bu standartları tənzimləmir. Faktiki olaraq, onlayn media tənzimlənməyən bir müstəviyə çevrilib. Bu da ciddi şəkildə problemlər yaradır. Problemlər ondan ibarətdir ki, bəzi işbazlar və media adından sui-istifadə edən şəxslər qanunlardakı boşluqlardan istifadə edərək sosial şəbəkələr üzərindən KİV adı ilə çoxlu sayda yeni strukturlar yaradırlar və orada insanları şantaj, hədə etməklə KİV qanunvericiliyinin və kodeksinin yol vermədiyi hərəkətləri icra etməklə öz maraqlarını həyata keçirmiş olurlar. Onların sayı o qədər çoxalıb ki, artıq cəmiyyət üçün təhlükəli hala gəlib, çevriliblər. Eyni zamanda, bəzən də milli təhlükəsizliyi təhdid edən formaya gəlib çatıblar. Çünki faktiki olaraq son 1 ilin hadisələri göstərdi ki, burada çoxsaylı informasiyalar yayılır ki, məsələn: ölkədə müharibə gedir, onlar müharibə əleyhinə çağırışlar edirlər, yaxud da hərbi sirri olan informasiyaları yayımlayırlar".
M.Ələsgərli onu da qeyd edib ki, "KİV haqqında Qanun"dakı xaotik durum artıq aradan qaldırılmalıdır:
"Pandemiya dövrüdür, pandemiya ilə bağlı tutaq ki, vahid bir xətt yürüdülür, amma neqativ fəaliyyətlə məşğul olan bu cür KİV-lər əhalini çaşdıran məlumatlar yayıb fərqli yollara dəvət edirlər. Onların bu cür fəaliyyəti atıq təhlükəli hala gəlib, çatıb. Bəzən isə onlar milli təhlükəsizliyi təhdid edən həddə çatırlar. Məsələn, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı hissəyə baxırsan ki, orada çoxsaylı insanlar var ki, adı "həbsdə olan jurnalist"lər kimi keçir. Hansı ki, bu adamların heç birinin jurnalistikaya aidiyyəti yoxdur. Onlar hansısa neqativ əməllərinə görə həbs olunublar. Biri dövlətə xəyanətdə, başqa ölkəyə casusluq etməkdə ittiham olunaraq həbs olunub, bir başqası kimlərisə şantaj edib xuliqanlıqla məşğul olduğuna görə həbs olunub. Amma bunlar beynəlxalq hesabatlarda "həbs olunan jurnalist"lər kimi təqdim olunurlar və Azərbaycana qarşı yalançı, yersiz, ləyaqətsiz bir imicin formalaşmasına təsir göstərirlər. Bu cür çoxsaylı hallar var ki, bu məsələlər aradan qaldırılmalıdır və bizim KİV qanunu onlayn media sferasını da əhatə etməlidir. Artıq bu xaotik durum aradan qaldırılmalıdır. Bu, məsələnin qanunvericiliklə bağlı olan bir tərəfidir.
Məsələnin ikinci tərəfi var ki, tənzimləyici mexanimlərin formalaşdırılmasından söhbət gedir. Çox təəssüf ki, Azərbaycanda indiyə qədər hələ də KİV-lə bağlı olan bəzi strukturlar formalaşdırılıb başa çatılmayıb. Bu sahədə biz deyə bilərik ki, KİV-lə bağlı informasiya bankı yoxdur. Bu gün heç kəs bilmir ki, Azərbaycanda nə qədər KİV qurumu, nə qədər jurnalist var, bunlar necə çalışırlar, nə qədər əməkhaqqı alırlar, necə dolanırlar, hansı pozitiv və neqativ əməllərlə məşğul olurlar. Bütün bunların hamısı barədə vahid informasiyanı birləşdirən bir mexanizmin yaradılması vacibdir. Hesab edirik ki, bu islahatlar fonunda bu məsələlərə aydınlıq gətiriləcək və bütün bu boşluqları tənzimləyən yeni mexanizmlər qurulacaq".
Təhməz Əsədov
Milli.Az