ABŞ Mərkəzi Bankı (FED) iki gün davam edən iclasdan sonra gözlənilən faiz qərarını açıqlayıb. Qərara əsasən, FED faiz dərəcəsini 25 baza bəndi azaldaraq faiz aralığını 3,75-4 faiz səviyyəsinə endirib.
Milli.Az xəbər verir ki, FED-in açıqlamasında bildirilib ki, İdarə Heyətinin üzvü Stiven Miran 50 baza bəndlik faiz endiriminə tərəfdar olub, Kanzas Siti FED rəhbəri Cefri Şmid isə faiz dərəcəsinin sabit saxlanılmasını dəstəklədiyi üçün qərara qarşı səs verib.
Açıqlamada qeyd olunub ki, ABŞ-də İstehlakçı Qiymətləri İndeksi (TÜFE) sentyabr ayında aylıq 0,3%, illik 3% artıb.
FED-in bəyanatında iqtisadi fəaliyyətin mülayim templə artmağa davam etdiyi, məşğulluğun bu il bir qədər zəiflədiyi, işsizlik səviyyəsinin azca yüksəlsə də aşağı həddə qaldığı vurğulanıb.
Eyni zamanda, ilin əvvəlindən bəri inflyasiyanın artdığı və hələ də yüksək səviyyədə olduğu qeyd edilib. Bankın qiymətləndirməsinə görə, iqtisadi mənzərədə qeyri-müəyyənlik yüksək olaraq qalır.
Xatırladaq ki, FED ötən ilin sentyabr ayında inflyasiyada müəyyən azalma müşahidə edildikdən sonra 4 ildən sonra ilk dəfə faiz dərəcəsini 50 baza bəndi endirmişdi.
Daha sonra noyabr və dekabr aylarında da 25 baza bəndlik endirimlər həyata keçirilmiş, yanvar ayında isə FED ardıcıl üç faiz azaldılmasından sonra fasilə vermişdi.
Mart, may, iyun və iyul iclaslarında faizlər dəyişdirilməmiş, sentyabrda bu il üçün ilk faiz endirimi qərarı qəbul edilmişdi.
Bu dəfəki iclas, ABŞ-də büdcə anlaşmazlığı səbəbilə federal hökumətin fəaliyyətinin qismən dayanması fonunda, məhdud iqtisadi göstəricilər əsasında keçirilib.
FED-in son qərarı ilə faiz dərəcəsi 3,75-4% aralığına endirilib, bu da ABŞ iqtisadiyyatında yumşaldılmış pul siyasətinin davam edəcəyinə işarə kimi qiymətləndirilir.
Lalə Qüdrətova
Milli.Az





