Ölkə

"İnsanlar virusun öldürücülük qüvvəsindən daha çox bu çatışmazlıqdan öləcəklər"

2 İyul 2020 14:39
Baxış: 10 098

"Ölkəmizdə kifayət qədər insan bu  virusun var olmasına inanmır, bunun bir "oyun" olmasını güman edir. Kifayət qədər təbliğat aparılması, xəstəxanalardan xəstələrin necə əzab çəkdiyi göstərmək belə adamları inadından geri çəkmir".

Bunu Milli.Az-a açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

O bildirib ki, koronavirus xəstələrinin sayı artsa xəstəxana, çarpayı, həkim çatışmazlığı olacaq və insanlar virusun öldürücülük qüvvəsindən daha çox bu çatışmazlıqdan öləcəklər:

Koronavirusun öldürücülüyünün 10%-ə qədər qalxa biləcəyi ehtimalı var

"Bütün dünyada karantindən ən çox dövlət büdcəsi zərər çəkir, iqtisadiyyat zəifləyir, bu hansı oyun ola bilər ki, dövlətlər "qapalı" rejimə keçməklə öz iqtisadiyyatlarını məhv etsinlər. Bir çoxunun arqumenti isə virusun öldürücülüyünün faiz etibarı ilə az olmasıdır. Razıyam, ilk vaxtlar 2, sonra 5, hazırda isə 8%-dir və 10%-ə qədər qalxa biləcəyi ehtimalı da var. Çünki virus mutasiyaya uğrayır, inkişaf edir və müalicəyə davamlılığı artır. Amma nəzərə almaq lazımdı ki, xəstə sayı artsa, xəstəxana, çarpayı, həkim çatışmazlığı olacaq. İnsanlar virusun öldürücülük qüvvəsindən daha çox bu çatışmazlıqdan öləcəklər. Hətta İtaliyalı virusoloq fikirlərində bildirdi ki, İtaliyada ölənlər koronavirusun təsirindən yox, baxımsızlıqdan, xəstəxana, həkim dərman çatızmazlıqlarından öldü. Bu, Azərbaycana və bütün dünyaya da aiddir.

10 milyonluq ölkə üçün hesablanan palata sayı bu günə qədər əvvəl 2 min idi, indi yeni modul tipli xəstəxanalar açıldı, 5 min, 6 min, 7 minə qədər çarpayı sayı artırıldı. 7 min çarpayı varsa, bizim yoluxmamız 20 min, 30 min, 40 min, 50 min olanda biz harada yatacağıq?! Koronavirusla mübarizə üçün olan bu preparatlar, dərmanlar tutaq ki, il ərzində Azərbaycana 10 min ədəd gətirilirdi.

Nə ilə qarşılaşacağımız məlum deyil

Biz hesablamamışdıq axı bizim 50 minlik xəstəmiz olacaq, biz bilmirdik axı koronavirus pandemiyası dönəminə düşəcəyik. Bu tək Azərbaycan üçün deyil, bütün dünyada belədir. Xəstəlik dünya üçün yenidir, nə ilə qarşılaşacağımız məlum deyil. Biz bilirdik ki, təxminən 100 ildir Azərbaycanda çarpayıda yatan stasionar xəstələrin sayı maksimal olaraq min, 2 min nəfərin altında idi. Bu gün amma 7 min, 8 min, 10 min xəstə var. Bu, 50 min olsa biz baxımsızlıqdan öləcəyik, həkim çatmayacaq. Azərbaycanın tibb personalı səhv etmirəmsə 30 minə qədərdir. Həkimlər ölürlər, həkimlər koronavirusa yoluxurlar, həkim azlığı müşahidə olunur və eyni zamanda cəmiyyətə nəzarət edən polislərin arasında yoluxma kifayət qədər çoxalıbdır. Artıq bizi yoxlamağa da adam qalmayacaq".

Hüquqşünas qeyd edib ki, koronavirus bir mədəniyyət xəstəliyidir, mental xüsusiyyətlərin təsir etdiyi xəstəlikdir:

Koronavirusla yaşamağa öyrəşən cəmiyyətlər bunu atladacaqlar​

"Mən koronavirusu mədəniyyət xəstəliyi adlandırardım. Koronavirusla yaşamağa öyrəşən cəmiyyətlər bunu atladacaqlar. Türkiyəni götürsək, Tükiyənin Ege bölgəsində (İzmir, Antalya, Mersin-red) artıq koronavirusu demək olar ki, lokallaşdıra biliblər. Amma İç Anadoluda və Güney Anadoluda bunu lokallaşdıra bilmirlər. Bu bir mədəniyyət xəstəliyidir, bu bir mental xüsusiyyətlərin təsir etdiyi xəstəlikdir.

Bu virusla bir yerdə yaşamağı öyrənməliyik

Evimizə qaz çəkilmə prosesi XX əsrdə baş verdi düzdür?! Biz bilmirdik ki, XIX əsrdə qazı açıq qoyanda bizi öldürə bilər. Və bu qazı açıq qoyub kifayət qədər ölən adamlar oldu. Amma biz artıq gecə yatanda qazı bağlayırıq, çünki bilirik ki, açıq qoysaq bizi öldürəcək. Biz qazla davranmağı bilmirdik, od yarananda odla davranmağı bilmirdik, civə əlimizə keçəndə civəylə davranmağı bilmirdik. Amma bu gün biz artıq civə ilə də, qazla da, odla da davrana bilirik. Bunlara öyrəndiyimiz kimi, biz koronavirusla da davranmağı öyrənməliyik. Bu virusla bir yerdə yaşamağı öyrənməliyik".

Təhməz Təkin
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.