Ölkə

Ramin Bayramlı: Əgər vətəndaşlar karantinə riayət etməsələr, ölkə rəhbərliyinə müraciət edəcəyik

8 Aprel 2020 17:40
Baxış: 2 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər vətəndaşlar bu günlərdə karantin qaydalarına əməl etməsələr, biz daha sərt tədbirlərin görülməsi üçün ölkə rəhbərliyinə və Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etmək məcburiyyətində qalacağıq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib deyib.

Onun sözlərinə görə, əgər vətəndaşlar 2-3 həftə səbr etsələr, yoluxma zəncirini qıraraq öz normal həyatlarına dönə biləcəklər:

"Bəzən vətəndaşlarımız karantin rejiminə tam əməl etmirlər, onun ciddiliyini anlamırlar. Amma başa düşmək lazımdır ki, karantin qaydalarına əməl edilməsə, süni tənəffüs aparatlarına qoşulan insanların sayı artacaq və onda bizi daha acı nəticələr gözləyir. Çünki bu halda ölüm halları çoxalır".

R.Bayramlı əlavə edib ki, hazırda koronavirusla bağlı fəaliyyət istiqamətlərini həm müalicə və diaqnostika istiqamətində, həm də profilaktika istiqamətində davam etdirirlər.

R.Bayramlı vurğulayıb ki, laboratoriyaların sayı 15-ə yaxınlaşır:

"Gələn həftə Şəkidə və Sumqayıtda laboratoriyalar açılacaq. Hazırda 3000-ə qədər test edirik. Yaxın gələcəkdə testlərin sayını 5000-ə çatdıracağıq. Testlərlə bağlı da xüsusi logistika planları da hazırlanıb. Çağırışlar olan kimi evlərə gedilir, xəstələrdən analizlər götürülür. Onlara müayinə nəticələri məlum olana kimi evdə karantində qalmaq tapşırılır. Pandemiya ilə mübarizəyə ayrılan müəssisələr yalnız koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olduğu üçün digər müəssiələrin də üzərinə məsuliyyət düşür".

R.Bayramlı qeyd edib ki, bu gün 3000-dən artıq müayinə aparılıb və 105 xəstə aşkarlanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.