Ölkə

Abşeron dairəvi dəmir yolunun tikintisi yekunlaşır - Stansiyaların sayı artırılacaq

22 Yanvar 2020 17:05
0 Şərh     Baxış: 1 502

Abşeron dairəvi dəmir yolu xəttinin çəkilişi artıq sonuncu mərhələdədir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) məlumat veriblər.

Bildirilib ki, dəmir yolu xəttinin çəkilişi ilə bağlı işlər 3-cü mərhələdədir və yol tikinti işləri tamamilə yekunlaşıb:

"Hazırda elektrik, işarəvermə, rabitə və mühafizə zolağında hasarların çəkilməsi davam etdirilir. Həmçinin, bu istiqamətdə 4 yeraltı avtomobil tunelində də tikinti işləri aparılır. Bu tunellər Keşlə qəsəbəsi, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Goradil ərazisində inşa olunur".

QSC-dən qeyd edilib ki, xəttin tikintisinin növbəti iki ay ərzində yekunlaşacağı gözlənilir: "Abşeron dairəvi dəmir yolu xəttinin tikintisinin bu il fevralın sonu, martın əvvəlində yekunlaşdırılması planlaşdırılır. Məlumat üçün bildirək ki, dəmir yolu xətti Bakı sərnişin stansiyası, Keşlə dayanacağı, Koroğlu dayanacağı, Bakıxanov dayanacağı, Sabunçu stansiyası, Zabrat 1 dayanacağı, Zabrat 2 stansiyası, Məmmədli dayanacağı, Pirşağı stansiyası, Goradil dayanacağı, Novxanı dayanacağı və Sumqayıt Stansiyasını əhatə edəcək".

Xatırladaq ki, QSC-nin sədri Cavid Qurbanov 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışında bildirmişdi ki, Abşeron dairəvi dəmir yolu üzrə 17 stansiya və dayanacaqdan 15-i tam hazırdır. Digərlərində isə tamamlama işləri gedir. Dəmir yolunun avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün 15 avtomobil tuneli layihələndirilib. Onlardan 8-i tamamlanaraq istismara verilib, 7 tuneldə isə tikinti-quraşdırma işləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.