Ölkə

YARAT Müasir İncəsənət Mərkəzində iki sərgi təşkil olunacaq

9 İyul 2019 15:57
Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YARAT Müasir İncəsənət Mərkəzində 12 iyul -29 sentyabra kimi Taus Maxaçeva "Şarivari" və Zadi Ça "Maqohalmi övladı və yaradılış sədası" adlı iki sərgi təşkil olunacaq. Hər iki sərginin iş rejimi çərşənbə axşamı - bazar günləri ərzində saat 12:00 - 22:00 aralığını əhatə edir. Giriş sərbəstdir.

Milli.Az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulları və obyektlərin daxil olduğu çoxprofilli rəssam bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, xüsusən də Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqaz müasirliyini araşdırır.

Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən "şarivari" sirk ruhunu vurğulayacaq. Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada ən cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır.

"Şarivari" termini, spesifik sirk hərəkətinə - sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki artistlər bir-biri ilə rəqabət aparır, öz komik istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonu manej, havada süzən və salto vuran obrazlarla dolu olur.

Taus Maxaçevanın Azərbaycan Milli Arxiv İdarəsinin təqdim etdiyi arxiv sənədləri, filmlər və fotoşəkillərdən hazırlanmış instalyasiyası xaotik, xəyali sirk mühitini yaradır və bura ən qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü torlu milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya insan-heyvan piramidasının sirk arenasında doğmaq, VR (virtual reallıq) təcrübəsi və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Bu təcrübələr zirək, adətən ziddiyyətli sosial-siyasi qeydlər kimi çıxış edir. Rəssam, müasir zamanın son dərəcə sərsəm sirk prizması vasitəsilə uzaq keçmiş və yaxın gələcək haqqında hekayələr danışır.

Sərginin kuratoru Suad Qarayeva-Malekidir.

YARAT Müasir İncəsənət Mərkəzi Bakı Milli Sirkinin direktoru Vaqif Bağırzadə, sirk tarixçisi Rəcəb Məmmədov, Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Əsgər Rəsulov, gimnast Tamilla Nəzirova, kloun Lada Sanatskaya, heyvan təlimçiləri Tofiq Axundov və Rauf Rəsulov, sirk şouları və konsertlərinin direktoru Vladimir Vavilov, arxivçi Aida Babazadə və şairə Leyli Salayevaya xüsusi təşəkkürlərini bildirir!

Rəssam haqqında

Taus Maxaçeva (d.1983) Rusiyanın Moskva şəhərində yaşayır və fəaliyyət göstərir. O, müxtəlif mədəniyyətlər və ənənələrin bir-birilə təmasda olduğu zaman nələrin baş verdiyini təhlil edən fəaliyyəti və video əsərləri ilə məşhurdur. Mədəni baxımdan mənşəyi Qafqazın Dağıstan regionundan olan və Moskvada böyümüş sənətçinin təcrübəsi onun sovetləşmədən əvvəlki və sonrakı dövrlərdə eyni anda mövcud olan dünyalarla şəxsi əlaqəsinə əsaslanır. Çox zaman yumoristik tərzdə olan əsərlərində o, müasir dünyada təsvirlər, obyektlər və bədənlərin çevikliyini sınaqdan çıxarmağa çalışır.

Taus Maxaçeva Qoldsmit Universitetindən İncəsənət üzrə bakalavr dərəcəsi (2007) və Kral İncəsənət Kollecində magistr dərəcəsi (2013) üzrə təhsil almışdır.

Seçilmiş sərgilərə Liverpul Biennalesi (2018), İnçuan Biennalesi (2018), Riqa Müasir İncəsənət Biennalesi (2018), Venesiya Biennalesi (2017); Qaraj Triennalesi, (Qaraj Müasir İncəsənət Muzeyi, 2017); ON/OFF Muzeyi (Pompidu Mərkəzi, 2016); Şanxay Biennalesi (2016); Kiyev Biennalesi (2015); Moskva Biennalesi (2015, 2011) və Şarja Biennalesi (2013) daxildir. Taus Maxaçeva 6-cı Moskva Biennalesinin Müasir İncəsənət Fondunun mükafatı (Moskva, 2015), Leypsiq Müasir İncəsənət Muzeyinin "Avropanın gələcəyi" mükafatı (2014) və "Yeni nəsil - innovasiya" Dövlət mükafatına (2012) layiq görülüb.

YARAT Müasir İncəsənət Məkanı, həmçinin 12 iyul-29 sentyabr 2019-cu il tarixlərdə keçiriləcək Koreya-kanadalı rəssam Zadi Çanın fərdi sərgisini təqdim edir. Böyük yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Bu əsər "Art Night", London (22 iyun), "Tramway", Qlazqo (26 oktyabr - 16 dekabr) və "De La Warr Pavilion", Bekshill-on-Si (1 fevral - 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində keçirilir.

Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayır. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsini təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatları ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur.

O, öz təcrübəsində bilinməyəni kəşf etmək üçün su və dəniz ekologiyasından metafora kimi istifadə etməklə yanaşı, Kanadanın qərb sahilində boya-başa çatdığı vətəninin mücərrəd obrazlarına da istinad edir. Rəssam çox zaman fantastik sualtı aləmini yaradaraq, bu sərgidə iriölçülü, okeanın hərtərəfli səs sisteminə malik videoproyeksiya və qatil balina sürüsünü (bu element heykəllər silsiləsində də istifadə olunur) nümayiş etdirir.

Sərginin son elementi rəssam tərəfindən ilk dəfə "Art Night 2019" və 58-ci Venesiya Biennalesində istifadə edilmiş, hal-hazırda isə YARAT-da heykəllərin üzərində təqdim edilən kostyum və maskalardan ibarətdir. Bu əsəri, ictimai proqram çərçivəsində Çanın iştirakı ilə seçilmiş, yaradıcılıq fəaliyyətinə yeni başlamış yerli rəssamların performansları tamamlayır.

Sərginin kuratorları "Art Night"-ın bədii rəhbəri Helen Nisbet və kurator assistenti Emi Baddır. Performans proqramının kuratoru Anna Fexdir.

Rəssam haqqında

Zadi Ça müxtəlif mədəniyyətlərin öz identikliyini və özü haqqında təsəvvürləri necə bəyan etmələrini müəyyən etmək məqsədilə canlı performans, video, rəsm və parçalarından istifadə edir. Rəssamın çoxlaylı kostyum əsərləri - musiqi, rəqəmsal məkan, moda və incəsənət tarixindən qaynaqlanan, bədii obrazları özündə birləşdirən özəl mədəniyyət tarixini araşdırmaq üçün obyektlərdir. Rəssam adətən fantastik və fövqəltəbii reallıqlarda yer alan, Asiya haqqında təfərrüatlı identiklik hekayələrinin ifadə edilməsi üçün fərdi vizual dil yaradaraq, tamamilə yeni obrazlar və obyektlər təklif edən fərdi simvollar sistemini işləyib hazırlamışdır.

Zadi Ça (d.1983, Vankuver) hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, Vankuverdə Emili Karr İncəsənət və Dizayn İnstitutunu bakalavr (2007) və London Kral İncəsənət Kollecini "Rəngkarlıq" üzrə magistr (2014) dərəcəsi ilə bitirib. Ən son fərdi sərgiləri: "Soju Sipping on a Sojourn to Saturn", Aqustina Ferreyra Gallery, Mexiko (2018), HOMEBOY 3030: Return the Tiger 2 the Mountain, Union Pacific, London (2018) və "The Conch, Sea Urchin and Brass Bell" (kurator Mette Kjærgaard Præst), Pump House, London (2017). Qrup sərgiləri: "Body Armor" (kurator Jocelyn Miller), MoMA PS1, Nyu-York (2018), "Paradise", Night Gallery, Los-Anceles (2018) və "Four Pillar", L'inconnue, Monreal (2018). Rəssam, həmçinin Palais de Tokyo, Heyvard Gallery, Serpentine Gallery, Block Universe və Böyük Britaniyada yerləşən Koreya Mədəniyyət Mərkəzi də daxil olmaqla beynəlxalq qalereya və festivallarda əsərlərini nümayiş etdirmişdir.

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ( "tərəqqi" mənasında) - açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur. Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

"Art Night" haqqında

"Art Night" Londonu hər il bir unudulmaz gecəyə çevirən ən böyük müasir incəsənət festivalıdır. Hər il buraya Londonun fərqli bir hissəsinin tarixini, mədəniyyətini və memarlığını araşdırmaq üçün aparıcı incəsənət təşkilatı və ya kurator dəvət olunur. Burada karyeralarının müxtəlif mərhələlərində olan xarici və yerli sənətçilərə yeni əsərlər, unikal tədbirlər həyata keçirmək üçün maliyyə dəstəyi verir. Bununla yanaşı, "Art Night" açıq proqramı kurator ideyaları və mədəni marşruta uyğun olaraq yerli təşkilatların, müstəqil sənətçilərin və kuratorların festivalda iştiraklarını təklif edir. "Art Night" özünün "İrs" proqramı vasitəsilə il boyu birgə fəaliyyət, ictimai kolleksiyalar üçün satınalma, daha uzunmüddətli nümayiş dövrləri təmin etməklə Birləşmiş Krallığın incəsənət sektoruna töhfə verir. Festivalın ideya müəllifləri və təsisçiləri Kseniya Zemtsova və Filippin Nquyendir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.