Ölkə

Trend BİA VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak edir - FOTO

13 İyun 2019 11:15
Baxış: 341

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) media dünyasının ən mötəbər tədbiri sayılan VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak etmək üçün dəvət olunub.

Milli.Az xəbər verir ki, konqresin təntənəli açılış mərasimi bu gün Bolqarıstanın paytaxtı Sofiyada baş tutub.

Qeyd edək ki, bu Konqres dünyanın ən nüfuzlu xəbər agentliklərinin rəhbərlərini bir araya toplayır. Konqres çərçivəsində media maqnatları daim dəyişən dünyada kütləvi informasiya vasitələrinin üzləşdiyi daha mühüm problemlərin fonunda xəbərlərin istehsalı barədə müzakirələr aparacaqlar.

Tədbir iştirakçıları arasında "German News Agency", "Reuters News Agency", Yaponiyanın KYODO, "Agence France-Presse" (AFP) kimi nüfuzlu xəbər agentlikləri var.

Təntənəli açılış mərasimində Bolqarıstan Teleqraf Agentliyinin baş direktoru Maksim Minçev qonaqları ilin ən mühüm media tədbirində salamlayaraq bildirib:

"Rusiya, İspaniya, Argentina, Səudiyyə Ərəbistanı və Azərbaycanda keçirilmiş fövqəladə və maraqlı forumlardan sonra Bolqarıstan Teleqraf Agentliyinin konqresə ev sahibliyi etmək növbəsi çatıb. 2004-cü ildə bizim ilk görüşümüzdən artıq 15 il keçir. Bu gün Ümumdünya İnformasiya Agentlikləri Konqresinin artıq öz fəaliyyətinin ən yüksək zirvəsində olduğunu demək mümkündür. Dünya bu gün həmişəkindən daha tez dəyişir. Konqres də bu dövr üçün tipik problem və çağırışlarla üzləşib. Biz aramsız virtual informasiya dənizində yaşayırıq. Nəyin vacib olmadığını, səhv, doğru və ya uydurma olduğunu demək çətindir. Bəs müəllif hüquqlarımızı necə qoruya bilərik? Müstəqilliyimizi itirmədən gəlir mənbələrimizi necə artıra bilərik? VI Ümumdünya İnformasiya Agentlikləri Konqresinin nəzərində duran əsas məqamlar bunlardır".

Qeyd edək ki, 13-14 iyun tarixlərində keçirilən bu mötəbər tədbir çərçivəsində 100 ölkədən ən nüfuzlu media rəhbərləri "Yeni gəlir mənbələri", "Feyk xəbərlər" və "Süni intellekt" adlı müzakirələrdə iştirak edəcəklər.

Növbəti toplantının 2022-ci ildə harada keçiriləcəyi isə ümumi səsvermə yolu ilə VI Ümumdünya İnformasiya Agentlikləri Konqresinin son iş günü müəyyən olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.