Azərbaycan, Gürcüstan və Türkiyə rəsmiləri Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısının icra vəziyyəti ilə tanış olublar.
"Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, prezident İlham Əliyevn tapşırığına əsasən, 27 sentyabr tarixində Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilkin baxış keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadze və Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan qatarla Tbilisidən Axalkalakiyə gedərək, dəmir yolu bağlantısında aparılan tikinti və son tamamlama işləri, yolun istifadəyə hazırlıq vəziyyəti ilə tanış olublar. Dövlət və hökumət rəsmiləri Tsalka, Tetriskalo və digər stansiyalarda olub, Asiya ilə Avropanı birləşdirəcək BTQ-nin açılışa hazırlığı ilə maraqlanıblar.
Qeyd edək ki, tədbirdə üç ölkənin nəqliyyat strukturlarının rəhbərləri ilə yanaşı, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri Dursun Həsənov, Zəki Ləvənt Gümrükçü və digər rəsmi şəxslər iştirak ediblər.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib: "Bakı-Tbilisi-Qars yeni dəmir yolunu test etdik. Yeni dəmir yolu artıq istifadəyə hazırdır. Cənab Prezidentin iştirakı ilə rəsmi açılışdan sonra Bakı-Tbilisi-Qars yeni dəmir yolu tam istifadəyə veriləcəkdir".
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində