Mən həyatımda ilk dəfə idi ki, qızına aldığı cehizi öz əli ilə bazarda satan ana görürdüm. Yaylığı ilə üzünü örtməyə çalışsa da, ağlamaqdan şişmiş gözləri və yaylıqdan çıxmış ağ saçlarını gizlədə bilmirdi. Üzündə insan əzabının bütün əlamətləri var idi. Mənə elə gəldi ki, bir ananın öz qızına aldığı cehizi gəlin köçmədən satıb çörəkpulu etməsindən dəhşətli heç nə yoxdur. Bəlkə də var... mən bilmirdim.
Çoxu bura qohum-qonşu görməsin deyə, utana-utana gəlir. Elə alan da, satan da. Adına "rus bazarı" da deyirlər, "bit bazarı" da, "cındır bazarı" da. Hətta "bazar" sözü də buranın yanında mədəni səslənir. Heç olmasa, arada süpürüb təmizləyir, yığışdırırlar. İnsan ağlına gələn hər şeyin satıldığı bu universal məkanın əsas alıcıları qazancı minimumdan aşağı olanlardır. Kiməsə başqasının geyilmiş paltarını və ayaqqabısını geyinmək dəhşətli görünə bilər, amma burada ikinci əl və həm də o qədər də yaxşı vəziyyətdə olmayan paltar almaq adi bir şeydir.
Bazarda qəribə aura var idi. Bura daxil olandan çaşıb qalmışdım, haradan başlayacağımı bilmirdim. Yerə tökülmüş köhnə pal-paltar, satılan dəmir qırıqlar, ilk baxışdan lazımsız, amma əslində kiməsə lazım ola biləcək əşyaların əhatəsində özümü XVIII əsrə düşmüş kimi hiss elədim. Bazarın girişində başına günəşdən qorunmaq üçün çətir tutub oturan xalanın səsləməsi məni olduğum zamana qaytardı. Qadının qabaq dişləri yox idi, danışanda çətinlik çəkirdi. Az sonra gözünə tünd eynək taxıb başını çətirin altında gizlədən bu xanımın əslində hərbi hissələrdən birində xadimə işlədiyini öyrənəcəkdim. Hələlik isə məni müştəri bilib satdığı paltarları tərifləməyə başladı. Bazardakı əksər satıcılara xas olan qəribə bir məsumluq Yeganə xanımda da var idi. Adının Yeganə olduğunu deyən bu xanım bazara məcburiyyətdən üz tutub. Həyat yoldaşı ruhi xəstədir. Ona iynə-dərman almağa pulu olmadığından, evdən əlinə keçən hər şeyi götürüb bazara gəlib.
"Gətirdiklərim hamısı ev əşyalarıdır - artıq stəkandan, qab-qacaqdan tutmuş, pal-paltara qədər hər şey gətirirəm. Təzə olanda yaxşı alınır, köhnələr alınmır. Çoxu özümün, gəlinimin, oğlumun paltarlarıdır. Oğlum hərbçidir, ailəsini ancaq dolandırır. Özüm də xadimə işləyirəm. 180 manat pul alıram, çatdıra bilmirəm. Ona görə də, şənbə-bazar günləri bura gəlirəm. Elə bir alver olmur, hamı qiyməti aşağı salmaq istəyir. 1 manat qiymət qoyursan, gələn deyir, 50 qəpiyə ver, 50 qəpiyə satsan, 30 qəpiyə istəyirlər. İndi də yoldaşımın kostyumunu gətirmişəm satmağa. Özü verdi ki, apar sat, dərmanlarımı alarsan. 20 manat qiymət qoymuşam, heç üzünə baxan yoxdur. Sabah gərək 15 manat deyim ki, bəlkə 10 manata sata bilim", - Milli.Az bildirir ki, Yeganə xanım virtualaz.org-un müxbirinə deyir.
Onun sözlərinə görə, bazar günü burada, ümumiyyətlə, keçməyə yer olmur. Amma bu qədər insanın müqabilində, demək olar ki, heç nə satılmır.
Səs-küy, satıcıların jarqonu və bir tərəfdən də ara-sıra qalaqlanmış zibillərin qoxusu Sabunçu bazarının xarakterik xüsusiyyətidir. Əslində, geyilmiş köhnə paltarı və ya əşyanı satmaq heç də yaxşı göstərici sayılmır, amma dünyanın hər yerində özünə aid əşyaları və ya əl işlərinin satıldığı məkanlar var. Amma yəqin ki, dünyanın heç yerində belə ucuz ikinci əl əşyaların satılması üçün kimsədən "yer haqqı" almazlar. Həm də bu yer bəzək-düzəksiz desək zibillikdirsə.
Zibillikdə yerpulu - 1 manat, "VİP" - 5 manat
Satıcılardan öyrəndik ki, burada hər yerin öz qiyməti var. Zibilliyə yaxın və ümumi sahəsi kiçik olan yerlərə görə alıcılar 1 manat verirlərsə, bazarın nisbətən mərkəzi və təmiz yerlərində yerləşən "VİP" yerlərə görə satıcılardan 5-6 manat gündəlik yer haqqı alınır. Zibilliyin yaxınlığında yerləşdiyindən Qasım dayının yer pulu azdır: 2 manat. Amma bununla belə, satdığı əşyaları saxlamaq üçün kirayə götürdüyü otağa görə aylıq 40 manat da kirayə haqqı verməlidir:
"50 il işləmişəm, 150 manat pensiya alıram. Bu pensiya mənə çatmır axı. Heç olmasa, burada oturub "çaq-çuq" edirəm də. Yerpulu 2 manat, otağa görə kirayə pulu 40 manatdır. Gürcüstanda belə yer havayıdır, buna görə adamdan pul istəməzlər. 80 yaşım var, günün altında oturan vaxtım deyil. Oturub həyətimdə bağçamı suvararam, ağac əkərəm, məcburam gəlmişəm bura. Evdə oturub qum yeyim? Özünüz də görürsünüz ki, bazar zir-zibilin içindədir. Hərəyə bir qiymət qoyublar, adam var ki, 5 manat yer pulu verir. Etiraz eləsən, deyir, get, kimə istəyirsən şikayət elə..."
Qasım dayının ürəyi dolu idi. Nitqini yaxınlaşan alıcıya görə yarımçıq kəsməli oldu. Orta yaşlı bir qadın parçadan olan idman ayaqqabılarının qiymətini soruşurdu.
- Qiyməti 10 manatdır, 3 manata satıram.
- Bu oğlan üçündür, qız üçün?
- Nə fərqi var, qız da geyinə bilər, oğlan da.
- Bir az ucuz ver də, bu qiymətə elə təzəsini alaram.
- Ay anam, nə danışırsan, 3 manata bazarda təzə ayaqqabı var? Varsa get al, əl vurma, qoy yerinə!
Dialoqun kəskinləşdiyini görüb aradan çıxdım. Növbəti müsahibim medal satıcısıdır. Səliqə ilə sellofana bükülmüş medalların hərəsinin öz qiyməti var. Sərhəd qoşunlarında xidmətə görə verilən medalı bizə 25 manata, Əfqanıstanda döyüşlərdə iştiraka görə alınmış medalı isə aşağısı 30 manata ala bilərdik.
Burada ən bahalı medallar isə 1941-45-ci illərdə verilən medallardır. Bir vaxtlar Bakıdan Berlinə kimi ölümün və gülləbaranın içərisində canı və qanı ilə döyüşərək qazanılan medallar rahatca satılır və kimsə gəlib onu heç nə olmamış kimi alır. Məsələn, burada "İgidliyə görə" medalı 70 manat, "Qırmızı ulduz" isə 80 manatdır. Bundan başqa "Berlinin alınmasına görə", "Praqanın azad olunmasına görə" və digər medallara da rast gəlmək olar. Satıcıdan öyrəndik ki, əslində tərkibində qızıl olan medallar 100 manatdan baha, gümüş olanlar isə qramına görə 30-40 manata satılır. Burada həm də 3-5 manata müxtəlif döş nişanlarını tapmaq olar.
Bazarın "rus bazarı" adlandırılmasının səbəbi Bakıda yaşayan ruslar olsa da, hazırda demək olar ki, burada rus satıcıya rast gəlinmir. Növbəti müsahibim 1995-ci ildən, bazar indiki yerinə köçürüləndən burada işləyən Vilayət Əliyevdir. 20 ildən artıqdır ki, birjada nömrələri olduğunu deyən satıcının sözlərinə görə, Bakıda köhnə əşyasını satmaq istəyənlərin əksəriyyəti ona müraciət edir. Bundan başqa, evlərə gedərək ailələrlə danışır və lazımsız köhnə əşyaları alır.
"Burada ən çox satılanlardan biri də xalçalardır. Evdə qadınların "qədimyana" dedikləri xalçaları Türkiyənin yeni və keyfiyyətsiz xalçaları ilə əvəzləyirlər. Amma bilmirlər ki, bu xalçanı aylarla günün altına atsan da, yusan da, nə rəngi dəyişəcək, nə də keyfiyyəti. Ona görə də, bu xalçaları daha çox qədim əşya kolleksiyaçıları alırlar.
Əvvəllər burada ərləri tokar olan rus və yəhudilərin həyat yoldaşları işləyərdilər. Onlar ərlərinin düzəltdikləri gözəl fiqurları gətirib satıblar. İndi onlardan əsər-əlamət qalmayıb. Hazırda bazarda alver edənlərin əksəriyyəti Ağdamdan olan məcburi köçkünlərdir. Elə bir bahalı malımız olmur. Məsələn, mənim satdıqlarım arasında ən bahalısı gümüş komplektlərdir. O isə həmişə olmur. İran və ərəb gümüşləri əlimizə düşəndə saxlayırıq. Gəlib istəyən olanda satırıq. Qiyməti isə qramından asılı olaraq 100 manatdan başlayır və 200-250 manata qədər gedib çıxır".
Satıcılardan öyrəndik ki, bura qonşuya qaçan arvadlar kimi gününü keçirməyə gələnlərlə yanaşı, qazandıqları ilə 5 uşaq saxlayanlar da var.
1 manata gəlinlik, 1500 manata qarmon
Bazarda ən bahalı əşyalardan biri də bu qarmondur. 1500 manat qiyməti olan qarmon əl işidir.
Sabunçu bazarının bir əsas əlaməti də qaraçıların bolluğudur. Yəni burada "ölən atın nalını sökürlər". Satıcı V.Əliyevin sözlərinə görə, gözünü çəkən kimi malları yığışdırıb gedirlər.
Bazarın ən qara günü isə yağış yağanda başlayır:
"Malları yığıb sərəndən sonra bir də gördün dolu başladı, bir tuthatut olur ki, gəl görəsən. Hamı yığa bildiyini yığır, qalan qalır paslanır. Bütün satıcılar bir-birinə dəyir. O mənzərəni deməklə təsvir edə bilmirəm, bir dəfə gəlib gözünüzlə görsəniz, bilərsiniz. Başımız bir köhnə pencək keçirib "hal arvadı" kimi gəzirik burada".
Satıcı ilə səmimi söhbət ona gətirib çıxardı ki, öz qazancını da mənimlə paylaşmağı təklif etdi. Dedi ki, "istəsən saat 4-ə qədər qal, qazancı da qardaş malı kimi bölək".
Çexiya bülluru da var idi. Cütü 80 manata qablar, 12 manata buynuz, 10 manata çay dəsti, 15 manata balıq formasında qablar... Burada hətta gəlin paltarı da var idi. Doğrudur, gəlinlik olduğunu deməsəydilər, onunla nə vaxtsa gəlin köçüldüyü ağlıma da gəlməzdi. Yəqin ki, hazırda 1 manata satılan bu paltarı indi heç kim gəlin getmək üçün almaz.
Növbəti müsahibim Reyhan xanımdır. Dedi "məni çək, qəzetində yaz, görsünlər ki, nə vəziyyətdə yaşayırıq". Dediyinə görə, bazara 2 həftədir gəlir. Evinin qab-qaşıqlarını, artıq pal-paltarı satır. Deyir, səhərdən gəlsə də, hələ 1 manatlıq mal satmayıb.
"Dolana bilmirəm, qazanıb gətirənim yoxdur. 15 illik fəhlə stajım var. Xəstəxanada, bağçada "texniçka" işləmişəm. Yoldaşım rəhmətə gedib. İş yoxdur, pensiyaya da yaşım düşmür - 55 yaşım var. 1 manat yerpulu vermişəm, yol pulu verib gəlmişəm, hələ verdiklərimi çıxarmamışam".
80 yaşlı Bayram dayını bazara girəndə görmüşdüm. Başı qarışıq olduğundan, heç nə soruşa bilmədim. Qayıdarkən yenidən onunla üz-üzə gəldik. Satdığı əşyalar da danışdıqları kimi qəribə idi. Dəmir parçaları, qırıq saatdan tutmuş, ütü, ayaqqabı, çaydan... hər şey var idi. Özünün dediyi kimi, bura həqiqətən də "bednıy bazardı" və bu "zir-zibil"dən qazancı qəpik-quruşdu.
Podpolkovnik atası olmaq...
"180 manat pensiya alıram, yoldaşım da bir o qədər alır. Amma dolana bilmirik. Oğlum hərbçidir, podpolkovnikdir, qərargah rəisidir, 1900 manat pul alır, amma mənim evimə göz dikib. İki evim var, deyir ki, satım, şəhərə gedim. Mən də onu qovdum evdən. Qeydiyyatdan da çıxardım. O da məni verib məhkəməyə. Biz qocaları adam yerinə qoymurlar. Cavanlığımız əla keçib, amma indi biz heç kimə lazım deyilik".
Rusiyaya - Həştərxana balıq kürüsü daşıyan gəmidə mexanik işlədiyini deyən Bayram dayının sözlərinə görə, 90-cı ilə kimi yağ-bal içərisində üzsə də, sonradan vəziyyət ağırlaşıb. Elə bu səbəbdən də həm bazarda gününü keçirir, həm də çörəkpulunu qazanır.
Bazarın ən ürəkağrıdan mənzərəsi yazının əvvəlində qeyd etdiyim qızının cehizini qarşısına töküb satan anadır. Başçısını itirən və Ağdamdan Bakıya gəlib sığınan 4 nəfərlik ailənin iki üzvü əlildir. Yeganə qazancları isə burada satdıqlarıdır. Satdıqları cehizlər. Onlar da nə az, nə çox, iki sürtgəc, bir neçə qaşıq, göyərti taxtası, kartofəzən, süzgəc və digər bu kimi şeylərdən ibarətdir.
"Qızım qırmızı diplomla ali məktəbi bitirib, amma iş tapa bilmir. Evdə iki əlil var. Oğlum da alver eləməyə utanır, heç buna fiziki imkanı da yoxdur. Gümanım ancaq ona gəlir ki, evdəki əşyaları yığım satım. Onları da kim alır? Qızımın özü üçün aldığı cehizləri gətirib satıram. Axırımız necə olacaq, bilmirəm..."
Kasıbçılıq...
Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. Həqiqətən də, məşhur "Anna Karenina" əsərinin girişində yazıldığı kimi. Sabunçu bazarında insan talelərini araşdırmaq bir-iki saata sığan məsələ deyil. Həyat yoldaşı Qarabağ əlili olan sonuncu müsahibim Sona xanımın da bura gəlməyə öz səbəbləri var.
"Qonşular verir ki, al geyin və ya özümün əynimə olmur, gətirib satıram. Alan da yoxdur, cəmi 80 qəpiklik mal satmışam bu gün. Paltarların biri 20-30 qəpikdir, heç yaxın düşən yoxdur. Əvvəllər sovet dövründə mağazada satıcı işləmişəm. Yoldaşıma görə evimi satdım. Qarabağda döyüşüb şikəst oldu. Kirayədə qalıram, yoldaşımın da ayağı şikəstdir. Pensiya düzəltmək istəyirəm, hara gedirəm, pul istəyirlər. Bura da yolpulu ver gəl, sonra da 1 çörək al get. Qazancım ancaq budur. 20 yaşında qızım var. Ona nişan gətirmək istəyirlər, bilmirəm necə edim. Gələn üçün stol açmalısan, bir üzük almalısan da... ona da imkanım yoxdur. Yoldaşım da xəstə adamdır, hərdən də ağlı gedir. Düşüb küçəyə maşın vurub, əməliyyat etdirmişik. Yenə də əməliyyat olunmalıdır, amma buna görə 4-5 min manat pul lazımdır. Onu edə bilmirəm... Kasıbçılıqdı..."
"Kasıbçılıq" sözünü heç vaxt bu qədər kədərli eşitməmişdim. Sabunçu bazarı nələrə şahid olubmuş... Bu hələ mənim görə bildiklərimdir. Görmədiklərim, görə bilmədiklərim isə yəqin ki, qat-qat çoxdur. Bazar olsun, amma bazar olsun. Başqa sözüm yox idi.
Milli.Az