Maliyyə Bazarlarına Nəzarət Palatası banklar tərəfindən pensiyaçılara verilən krediti məhdud da olsa, bərpa etməlidir.
Milli.Az xəbər verir ki, bunu maliyyə məsələləri üzrə iqtisadçı-ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklara pensiyaçılara istehlak kreditlərinin verilməsinə qadağa qoyulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.

İstiqadçının fikrincə, əgər belə qadağa qoyulubsa, bu, uzunmüddətli olmamalıdır: "Palata bir neçə həftə öncə xarici valyutada istehlak kreditlərinin ən azı 1 ay verilməsinin dayandırılması haqqında qərar vermişdi. İndi də oxşar qadağa pensiyaçılara münasibətdə tətbiq edilir. Yəqin ki, istər xarici valyutada istehlak kreditlərinin verilməsinə, istərsə də pensiyaçılara kredit verilməsinə tətbiq edilən qadağanın taleyi ilə bağlı yaxın zamanlarda Palata son qərarını açıqlayacaq. Hər bir halda ümid edirəm ki, bu qadağalar qısamüddətli olacaq. Əks halda, çürümüş taxta körpü üstündə birtəhər duruş gətirən bankların ayağı altındakı dirəkləri çəkmək onların dərin çaya düşməsinə gətirib çıxara bilər".

Ekspert hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası siyasəti qadağalar yox, məhdudiyyətlər üzərində qurmalıdır: "Pensiyaçılara tətbiq edilən qadağa bütün banklara yox, bir neçə banka, xüsusilə də pensiyaların verilməsini həyata keçirən banka zərər vuracaq, pensiyaçıların isə kreditə əlçatanlığını məhdudlaşdıracaq".

S.Əliyev qeyd edib ki, əslində bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac var idi: "Çünki aylıq pensiyası bir neçə yüz manat olan və riskli kateqoriyaya daxil olan pensiyaçılara uzun müddətə və iri məbləğdə (15 min manata qədər) kreditin verilməsi təhlükəli idi. Əlbəttə, pensiya kimi stabil olan və arxasında dövlətin durduğu aylıq gəlir bu riskləri azaldırdı. Çünki pensiyaçının ixtisar olunmaq və ya iş yerinin bağlanması kimi riski yoxdur. Ən əsası isə pul vaxtlı-vaxtında bank hesabına oturur və bank onu problem çəkmədən hesabdan götürə bilir. Düzdür, pensiyaçılardan kartı yığan banklar da var və bu qanunsuzdur. Burada yeganə təhlükə sağlamlıqla bağlıdır. O da aydındır ki, aylıq qazancını rəsmi təsdiq edə bilməyən ailə üzvləri üçün pensiyaçı ata-ana və ya baba-nənə kreditə çıxış imkanı idi. İndi bu imkan da bağlandı".

Ona görə də ekspertin fikrincə, Palata pensiyaçılara verilən krediti məhdud da olsa, bərpa etməlidir: "Məhdudiyyət ilk növbədə kreditin məbləğində tətbiq edilməlidir. Bu məbləğ ən çoxu 5 min manat ola bilər. Kreditin verilmə müddətini 1-2 ilə qədər azaltmaq olar. Üstəgəl, banklar da öz növbəsində digər müştərilərlə müqayisədə pensiyaçılara verilən kreditlərin illik faiz dərəcələrini aşağı salmalıdır".
İlkin İzzət
Milli.Az





