Ölkə

"İstərdim icra hakimiyyətinin "Yaşıl bina"sını geri qaytarım"

9 Mart 2016 16:29
5 Şərh     Baxış: 4 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sumqayıtın təbliğini onun özündən başlamaq lazımdır, mən Sumqayıt kanalının rəhbəri olsaydım..

Mütəmadi olaraq Sumqayıtın müxtəlif sahələrində çalışan tanınmış, maraqlı simaları ilə görüşərək müsahibələr təşkil edirik. Milli.Az xəbər verir ki, xeberle.com-un budəfəki qonağı ATV-nin teleaparıcısı, hər zaman sumqayıtlı olması ilə fəxr edən Mətanət Əliverdiyeva oldu. Onun sənətindən, uşaqlıq xatirələrindən, yeni layihələrdən, həmçinin Sumqayıt şəhərinin dünənəndən və bugünündən danışdıq. Müsahibəni olduğu kimi təqdim edirik.

Mətanət xanım, bildiyimiz qədər atanız idman jurnalisti olub. Bu amil sizin də bu sahəyə gəlməyinizə təsir edibmi?

- İnsan gördüyünü götürür. Genetik faktordur. Mən həmişə deyirəm, atamın yolunu davam etdirmiş oldum. Nəzərə alsaq ki, atam Sumqayıtın idman müxbiri idi. Heç vaxt unutmaram, keçmiş İnşaatçılar stadionunda hokkey oyunlarını şərh edirdi. Məni həmişə özü ilə aparırdı və məndə bu sahəyə həvəs o vaxtdan başladı.

- Belə çıxır ki elə uşaq vaxtından medianı seçmisiniz?

- Mən aparıcı, ya da aktrisa olmaq istəyirdim. Aparıcı oldum və zaman ötdü, məndə aktrisalıq istedadımı da üzə çıxartdılar. "Qız atası" serialında çəkildim.

- Sumqayıtın televiziya sahəsində çalışanları populyarlıq qazanan kimi Bakıya köçür, orada yaşamağı daha üstün tuturlar. Amma siz..?

- Əslində, mən də Bakıya köçdüm bir müddət. Həm işə yaxın olsun, həm vaxt itkisi olmasın deyə. Amma bir müddətdən sonra gördüm ki, yox, mən Sumqayıtsız qala bilmirəm.

- Nədir sizi Sumqayıta özünü çəkən?

- Adi bir daşı, adi bir divarı, insanları... Hər yeri tanıdığım üçün. Həm də özümü Sumqayıtsız təsəvvür etmirəm. Başqa yerdə tez darıxıram.

- Keçmişə nəzər salanda Sumqayıtın nəyi üçün darıxırsınız, nəyi qaytarmaq istəyərdiniz?

- Keçmişə qayıdanda Köhnə bazarı istərdim. Oradakı o qoxunu istəyirəm. Atamla bazara girəndə bilirdim ki, gül harada satılır, meyvə harada. O güllərin iyini istəyirəm, ədviyyat satan xalanı, Sputnikdəki dondurma satan dayını, pryanikləri, Qafqaz mağazasını. Bax bütün o ab-havanı geri qaytarmaq istəyərdim. Bundan əlavə, icra hakimiyyətinin "Yaşıl bina"sını istəyərdim geri qaytarım. Bütün dünyadan gələnlərin ürəyi gedirdi o binadan ötrü. Çox nahaq yerə sökdülər onu. Mənim əlimdə olsaydı, indi bərpa etdirərdim onu. Məncə, indiki şəraitdə daha asandır onu bərpa etmək. İndi baxırsan icra hakimiyyətinin binasına, çox adidir.

- Xəbər aparıcılığına özünəməxsus üslub gətirdiniz.

- Mən gətirmədim. Sadəcə özüm kimi oldum. 21 ildir xəbər aparıcısıyam. Və bu illər ərzində özüm necə olmuşamsa, elə də xəbər aparmışam. Əvvəllər məni tənqid etdilər bu cür aparıcılığa görə, amma sonra elə o tənqid edənlər məni qəbul etdilər hətta bəziləri mənim kimi aparmağa başladı.

- Peşə fəaliyyətinizə ANS-də başladınız, səhv etmiriksə.

- Bəli, 1995-ci ildə ANS radiosunun bir yaşı var idi. Mən o məktəbin yetirməsiyəm. Bunu heç vaxt danmıram. O məktəbdən çox sayda mütəxəssis çıxıb.

- Amma televiziya sahəsində ilk addımınız ATV oldu.

- Bəli ATV məni kəşf etdi. Mən də ATV-ni kəşf etdim özümdə. Orda həm televiziya, həm də aktrisa bacarığım üzə çıxdı. Əslində bilirdim var, sadəcə onu üzə çıxaran lazım idi (gülür).

- Maraqlı layihələrlə başladınız ATV-də, həm xəbər aparıcılığı etdiniz, həm də şou-proqram. Amma sonra şou-proqramınız bağlandı.

- Bilirsiniz, bir paltarı on il geyinmirik ki?! Mən sevmirəm uzun uzadı nəisə etməyi. Təxminən il yarım getdi "Gündəlik" verlişimiz. Bu müddət ərzində demək olar ki, şou-biznesin bütün nümayəndələri ilə rastlaşdım, onların hamısının iç üzünü açdım. Vəssalam. İndi mənə maraqsızdır şou-biznes.

- Sizə elə gəlmirmi ki, tamaşaçılar doymadı?

- Doymasalar yaxşıdır. Doyanda insanlar kökəlir (gülür).

- İndi menyuda nəsə var?

- Menyuda təzə verlişdir. "Mən anayam" adlanır. Hələlik canlı deyil. Amma fikrimiz var gələcəkdə canlı yayıma keçək. Düzü, bir az məndən qorxurlar canlı efirə görə (gülür).

- Şpaqat açarsınız deyə? 

- Yox, yox. Orda şpaqatlıq heç nə yoxdur. Bilirsiniz, aparıcı hərtərəfli olmalıdır. Mahnı da oxumalıdır, rəqs də etməlidir, şpaqat da açmalıdır. Amma bu, şouya aiddir. Yeni verilişimdə isə suallardan çəkinirlər. Əsas da gözlənilməz suallardan.

- Bu şpaqat məsələsi mediada və sosial şəbəkələrdə çox müzakirələrə səbəb oldu. Və bilidiyimiz qədər ilə də ekspromt olmuşdu.

- Mənə bilirsiniz nə çatmır?! İnsanların bu qədər kompleksli olmaları. Hər şeydən utanırıq. Amma gizlin gizlin o qədər işlər görürük ki! O ki qaldı ekspromt olmağına, əlbəttə, elə oldu. Həmin verilişdə mənim geyimim heç uyğun deyildi. Bizə xaricdən rəqqaslar gəlmişdilər. Onlar bir nömrə ilə çıxış etdilər. Bir xanım rəqs elədi. Mən də dedim ki, bu nə rəqs edir ki?! Bizimkilər bundan min dəfə yaxşıdır. Dedim ki, bizim xanımların plastikası onlardan daha güclüdür. Bu anda o rəqqaslar mənim sözümə güldülər. Mən də dedim ki, indi mən sizə göstərərəm. Acığa düşdüm. Risk etdim. Geyimim də cırılıb hara getdi. Və onlar heyrətləndilər. Qalxıb ayağa əl çaldılar. Əslində elə mən də bunu istəyirdim. Nə olsun ki, biz dolubədənli xanımlarıq, buna baxmayaraq, bizim plastikamız yüksəkdir. Amma bizimkilər nə etdi?! Şeypur tutdular əllərində.

- Mətanət xanım, eyni vaxtda həm xəbər aparıcısı, həm şou-proqram, həm "Fort boyard" layihəsi, üstəlik, serial... Bu qədər işi görməyə vaxt necə çatdırırsınız?

- İstəyirsiniz, əlavə iş deyin, onu da edim. Mən bütün bunların hamısını çatdırıram. Bilirsiniz niyə?! Çünki mən işimi sevirəm. Mənim istirahət günüm yoxdur.

- Bir aparıcı kimi, sizcə, Sumqayıtın təbliği, onun tanınıtımı üçün hansı layihələr etmək lazımdır?

- Sumqayıtın təbliğini elə onun özündən başlamaq lazımdır. Mən Sumqayıt kanalının DTV-nin rəhbəri olsaydım, orada tam şəkildə dəyişiklik edərdim. Təbliğat üçün şou-proqram etməzlər. Fərqli verilişlər etmək lazımdır. Maraqlı qonaqlar çağırmaq lazımdır. Təbii, şou da lazımdır. Amma sırf şou-proqramla qabağa getmək olmaz. Anlayıram, kommersiya dövrüdür. Amma sponsorlar da artıq beziblər, inanın. Amma sponsorlar da artıq beziblər təkrar-təkrar şou-proqramlara pul ayırmaqdan.

- Ümumiyyətlə, sizcə, Azərbaycan efirində nə çatmır, nəyə ehtiyac var?

- Məndən olsa, milli mentalitetdən gələn qadağaları götürərdim. Nəyə görə Türkiyə və digər ölkələrdə olan şou-proqramlar qəbul olunur. Amma bizdə o cür layihələr qadağandır. Niyə biz "Bəyaz şou"ya baxıb gülürük, amma burda onu etməyə icazə yoxdur. Bizdə bir balaca nəsə olan kimi səhəri sosial şəbəkədə savadsız adamlar başlayır müzakirə açmağa. Bu təhsilimizin, dünyagörüşümüzün olmamasından irəli gəlir. Adicə misal gətirim. Xarici ölkəyə gedəndə bizimkilər birinci mağazalara qaçırlar. Heç vaxt bu cür şeylər mənim marağımı cəlb etməyiblər. Mənim nəyimə lazım maqazin?! Bir şey ki, ondan Bakıda da var, Sumqayıtda da. "Fort boyard"ın çəkilişi zamanı Fransada bir gün boş vaxtımız oldu. Hamı dedi ki, gedək o mağazaya bu mağazaya. Amma mən dedim ki, nə maqazin, nə şopinq?! Mən getdim Luvr muzeyinə. Çünki mənə muzey daha maraqlıdır. Uşaq vaxtından beləyəm.

- Yəqin burada da dünyagörüşünüzü artırmaq üçün harasa gedirsiniz. Misal üçün, kinoya, teatra.

- Sözün açığı, teatra gedə bilmirəm. Çünki işdən gec çıxıram. Amma buna görə çox təəssüflənirəm.

- Teleməkanda kimi müəlliminiz hesab etmək olar? Kimdən öyrəndiniz?

- Təzə-təzə başlayanda Rafiq Hüseynovdan öyrənmişəm. Çox köməyi olub. Səhv edəndə başa salırdı. Amma indiki aparıcılara deyirsən ki, misal üçün vurğunu düz vurmursan, adamdan inciyirlər. İndinin özündə də bir də görürsən, xəbərlərə çıxmamışdan öncə mətnlə tanış olanda tanımadığım söz olur. Mən utanmadan bunu araşdırıram necə səslənməlidir. Hazırlıqsız efirə çıxıb özümü biabır edincə qoy əvvəldən araşdırıb hazırlıqlı çıxım da. Özümü niyə gülünc vəziyyətinə qoyum ki?!

- Xarici teleməkanda hansı verilişlərə baxırsınız, bəyənirsiniz?

- Ümumiyyətlə, rus kanallarında olan sərbəstliyi bəyənirəm. İstənilən təbəqənin adamlarını verilişdə qonaq görmək olar. Amma bizdə deputatlar canlı efirə çıxmaqdan çəkinirlər. Son verilişimdə nikahdan əvvəl tibbi müayinəni tənqid etdim. Əslində qanun kimi əladır. Amma araşdırıb şoka düşdüm. Təsəvvür edin yeni ailə quracaq cütlük gedir müayinəyə. Bütün prosedurlardan keçir. Nəticə məxfi saxlanılır. Sual verəndə ki, bəs nəticəni bu cütlüyə kim deməlidir? Cavabında dedilər ki, qız oğlan öz aralarında bunu danışmalıdırlar, biz məxfi saxlayırıq. Yaxşı, tutaq ki, qızın biri mən. Və mən də xəstəliyimi oğlana demirəm. Nikah şəhadətnaməsində bu haqda yazılmır, sadəcə qeyd olunur ki, tibbi müayinədən keçdi. Amma problem öz əksini orada tapmır. Daha nə xeyri oldu?! Bununla bağlı müraciət etdik, amma Milli Məclisdən heç kim gəlmədi.
-Qayıdaq Sumqayıta. Bilirsiniz ki, şəhərimizdə son dövrdə dəyişiklik olub, bir neçə ay bundan öncə şəhər icra hakimiyyətinə Zakir Fərəcov başçı təyin olunub. Şəhərdə də eyni vaxtda bir çox iri layihənin tikintisinə start verilib.

- Necə dəyərləndirirsiniz?

- Zakir müəllim Sumqayıtı sevən adamdır. Mən onu daha əvvəllər Sumqayıtda işləyəndən tanıyıram. Çox yaradıcı bir insandır. Eşidəndə ki, doğma şəhərimizə Zakir müəllim rəhbər təyin olunub mən çox sevindim. Sumqayıtın girişinin genişləndirilməsi, bulvarın tikintisi və digər layihələrin həyata keçməsi mənim də ürəyimcə olardı.

Sumqayıtda nəyin olmasını istərdiniz?

- İstərdim yaxşı muzey olsun. Ayrıca radiosu olsun. Həftədə bir dəfə könüllü gəlib veriliş aparmağa da razı olardım.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.