16:21
Milli.Az-a açıqlamasında isə Nuridə Allahyarova bildirib ki, uzun avtobusların xəttə nə vaxt buraxılacağı hələlik məlum deyil. Ola bilsin ki, ümumiyyətlə bu cür avtobuslar istismara verilməsin: "Sadəcə biz 18 metrlik, 170 nəfərlik tutumu olan bu avtobusları test edirik, ona görə də belə bir avtobusu sadəcə bircə gün, bircə saatlıq 1 saylı avtobus xəttinin marşrutu üzrə sınaq gedişinə buraxdıq. Onların istismara buraxılması üçün "BakuBus"ın marşrut xətləri üzrə sərnişinlərin sıxlığı, rahatlığı, yolların genişliyinə və digər paramentlərə uyğun gəlib-gəlmədiyi nəzərə alınacaq. Bütün bunlar kompleks araşdırıldıqdan sonra onların xəttə buraxılıb-buraxılmayacağına dair qərar veriləcək. Məhz bu səbəbdən hələlik onların hansı marka və modeldən olması barədə də rəsmi açıqlama vermirik".
"BakuBus"ın sözççüsü bu sınağın hansı zərurətdən irəli gəldiyini də açıqlayıb: "Bizim elə marşrut xətlərimiz var ki, onlarla əlaqədar müraciət daxil olur ki, orada sərnişin sıxlığı həddən artıq çoxdur. Ona görə də xəttə bir neçə avtobus buraxmaqdansa, iritutumlu bir avtobusu xəttə buraxıb sərnişinlərin eyni vaxtda və rahatlıqla mənzil başına çatmasını təmin etmək daha məqbuldur".
----------
15:15
Milli.Az xəbər verir ki, "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova SalamNews-a açıqlamasında deyib ki, Bakıya gətirilən iritutumlu sərnişin avtobusu sadəcə test edilmək üçün xəttə buraxılıb.
Onun sözlərinə görə, test bir neçə saat davam edib. Avtobusun sərnişin tələblərinə, yollardakı tıxaca, eyni zamanda mövcud kriteriyalara uyğunluğu yoxlanılacaq. Hələ ki, yeni sərnişin avtobusu test məqsədi ilə xəttə buraxıldığından paytaxta neçə avtobusun gətirilməsi ilə bağlı rəqəm məlum deyil. İritutumlu sərnişin avtobusunun test nəticələri uğurlu olarsa, neçə avtobusun gətirilməsi ilə bağlı dəqiq məlumat veriləcək.
N.Allahyarova bildirib ki, xətlərimizdə iritutumlu avtobusların xidmət göstərəcəyi ilə bağlı planda elə bir yenilik gözlənilmir.
İlkin İzzət
Milli.Az