Ölkə

Su altında qalan Bayıl Qalasının bərpası layihəsi hazırlanıb - FOTO

19 Noyabr 2015 19:05
8 Şərh     Baxış: 13 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Bayıl Qalasının bərpası layihəsi hazırlanıb

Milli.Az-ın məlumatına görə, gün.az xəbər verir ki, layihənin müəllifləri Rəsul Həsənov və Ramiz Əlili layihəni artıq müvafiq qurumlara təqdim ediblər.

Onların sözlərinə görə, layihə hazırlanmamışdan əvvəl müxtəlif arxeoloq, memarlar və rəssamlar tərəfindən aparılmış işlərlə tanış olublar: "Həmçinin bərpa zamanı peyk fotoları da köməyimizə çatdı. Çünki hazırda qalanın təməl hissəsi qalmaqdadır. Çertyoj hazırlandıqdan sonra real ölçüdə 3d model yığıldı. Layihəni hazırlayarkən Bakının hazırkı fotolarından istifadə edib qalanı real ölçüdə yerləşdirdik".

Onların fikrincə, qalalar öz əvvəlki strateji funksiyalarını itirsələr də, şəhərin turizminə böyük maraq oyadır: "Dənizin içində yerləşən və Azərbaycan tarixinin bir hissəsi olan Bayıl Qalasının da yenidən bərpa olunmasını düşünürük. Qalanın içində həm muzey, həm də istirahət yerləri nəzərdə tutulub. Odur ki, şəhərimizə gələn turistləri gəmi ilə bu maraqlı qalaya dəvət etmək olar".

Müəlliflər Bayıl Qalasının bərpası ilə bağlı müxtəlif qurumlara müraciət ediblər, amma hələ ki, cavab almayıblar: "Ümid edirik ki, bu layihə həyata keçəcək. Həm tariximiz bərpa olacaq, həm də şəhərimizin turizminə təkan verəcək".

Xatırladaq ki, Bayıl Qalası Bakının Bayıl qəsəbəsi yaxınlığına yerləşib və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsidir. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olub. Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) qeyd edilsə də, elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var.

Qalada ilk arxeoloji tədqiqatlar 1930-40-cı illərdə arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılıb. 1969-ci ilə qədər davam etmiş tədqiqatlar nəticəsində məlum olub ki, uzun əsrlər suyun altında qaldığından qəsr dağılıb. Onun yalnız özülləri, epiqrafik abidələri və yazılı daş kitabələri qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.