Gələn il Bakı Metropoliteninin "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları, daha sonra isə hazırda inşa edilən "B-3" və "B-4" stansiyaları istismara veriləcək.
Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Şöbə rəsinin sözlərinə görə, hazırda "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışında son tamamlama işləri görülür. Çıxış bu ilin sonuna qədər istifadəyə veriləcək. Eyni zamanda, "Bənövşəyi" xəttin ilk iki stansiyası - "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da işlər yekunlaşmaq üzrədir. Hər iki stansiya 2016-cı ilin ilk yarısında istifadəyə veriləcək. "Bənövşəyi" xəttin digər stansiyalarında da iş gedir: "Yaxın gələcəkdə onlar da istifadəyə veriləcək. Bunlar "Papanin" deyilən ərazidəki şərti adı "B-3" və Heydər Əliyev adına İdman Sarayının arxasında şərti adı "B-4" olan stansiyalardır. Artıq həmin stansiyalarda da işlərə başlanıb".
Qeyd edək ki, "Bənövşəyi xətt" üzrə ümumilikdə 12 stansiya və bir depo olacaq. "Bənövşəyi xətt" Beynəlxalq Avtovağzalın yanından başlayaraq "Xətai" stansiyası və Keşlə qəsəbəsindən keçməklə Qaraçuxur qəsəbəsinədək uzanacaq.
Ümumilikdə, 2030-cu ilədək Bakı Metropolitenində stansiyaların sayının 76-dək artırılması planlaşdırılır. Hazırda isə metroda 23 stansiya var və daha 53 stansiyanın tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
"Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq Bakı metrosu 5 ayrı xəttdən ibarət olacaq. Bunlar "Yaşıl", "Qırmızı", "Sarı", "Bənövşəyi" və "Mavi" xətlərdir. Yeni xətlərin hər birində qatarların hərəkət istiqaməti ayrı olacaq. Onlar bir-biri ilə kəsişməyəcək.
Bakı Metropolitenindən daha öncə verilən açıqlamaya görə, "Yaşıl xətt" üzrə də yeni stansiyalar inşa edilir. Artıq "Həzi Aslanov-2" stansiyasında işlərin müəyyən hissəsi görülüb. "Xətai" stansiyasından sonra "Ağ şəhər"də, yəni Neft Emalı Zavodunun qarşısında da yeni stansiya tikiləcək. Ümumilikdə, Nobel prospekti boyunca "Xətai"dən sonra 3 stansiya olacaq. Gələcəkdə isə "Həzi Aslanov-2"dən sonra birbaşa yenidən "Dərnəgül"ə qədər stansiyalar tikiləcək və "Yaşıl xətt" dairəvi olacaq və xətt boyu 10 keçid stansiyası olacaq.
"Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə əsasən, "Qırmızı xətt" Badamdar qəsəbəsindən başlayaraq Zığ qəsəbəsinə qədər uzanacaq. Yəni gələcəkdə "İçərişəhər"dən sonra Badamdara qədər 4 stansiya inşa ediləcək.
"Mavi xətt" isə Yeni Yasamaldan başlayaraq Keşlə qəsəbəsindən keçməklə Bakıxanov qəsəbəsinədək davam edəcək. Bu xətt üzrə 11 stansiya və bir depo olacaq.
Beşinci, "Sarı xətt" isə Binəqədi qəsəbəsindən başlayaraq Bibiheybət qəsəbəsinədək uzanacaq. Binəqədi ərazisindən başlayıb Şıx çimərliyinə kimi uzanacaq "Sarı xətt"in üzərində bir neçə stansiyanın tikilməsi planlaşdırılır. Şərti adı "Bibiheybət" olan stansiyanın da həmin xəttin üzərində tikilməsi nəzərdə tutulur.
Yaxın gələcəkdə isə Bakı metrosunun "28 May" stansiyasında "Yaşıl xətt"lə "Qırmızı xətt"in bir-birindən ayrılması prosesi həyata keçiriləcək. Bundan sonra qatarlar hər iki xətt üzrə bir-birindən ayrı şəkildə, müstəqil hərəkət edəcək.
İlkin İzzət
Milli.Az