Prezident İlham Əliyev Mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Milli.Az xəbər verir ki, fərmana əsasən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İnvestisiyaların və İxracın Təşviqi Agentliyi - AZPROMO publik hüquqi şəxs əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi (bundan sonra - Agentlik) yaradılır.
Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft (qaz) sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərən, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında iştirak edən, dövlət orqanlarının (qurumlarının) və sahibkarların bu sahədə xidmətlərini əlaqələndirən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurum olacaq.
Agentliyin əsasnaməsinin və strukturunun layihəsi 3 ay ərzində hazırlanacaq.





