Beynəlxalq Muğam Mərkəzində özbək xalqının dahi mütəfəkkiri, filosof, şair Əlişir Nəvainin anadan olmasının 585 illiyinə həsr edilən ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət Elçisi Sahib Paşazadə çıxış edərək Azərbaycan - Özbəkistan dostluq əlaqələrindən söz açıb.
Azərbaycan-Özbəkistan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini söyləyən direktor xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində mədəni əməkdaşlığın rolunu xüsusi qeyd edib. Diqqətə çatdırıb ki, xalqlarımızı birləşdirən ortaq mədəni irs münasibətlərdə daim öz müsbət təsirini göstərir və Beynəlxalq Muğam Mərkəzinin Özbəkistanın musiqi, elm və təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq əlaqələri var. Bu əlaqələr hər gün daha da genişlənir.
Vurğulayıb ki, BMM-nin təşkilatçılığı ilə hazırlanan böyük özbək mütəfəkkiri Əlişir Nəvainin 585 illiyinə həsr edilən gecədə BMM-nin solistləri şairin qəzəllərinə müraciət edərək ən gözəl nümunələri Azərbaycan muğamsevərlərinə təqdim edəcək.
Dahi mütəfəkkir Əlişir Nəvai biri-birindən gözəl, lirik-romantik, realist-tarixi, ədəbi-bədii, fəlsəfi-təsəvvüf və elmi-nəzəri əhəmiyyətə malik ölməz əsərlər müəllifi kimi dünya klassikləri sırasında özünəməxsus yer tutub.Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə bildirilib ki, Əlişir Nəvai özbək ədəbiyyatının dünya mədəniyyətinə bəxş etdiyi ən qüdrətli simalardan biridir.
Mütəfəkkirin əsərlərində Türk dünyası xalqlarının ədəbiyyatı, mənəvi dəyərləri geniş və dərin şəkildə öz əksini tapır. Nəvainin "Xəmsə"si yalnız özbək ədəbiyyatında deyil, bütün türkdilli xalqlar ədəbiyyatında ana dilində ilk "Xəmsə" kimi çox qiymətlidir.
Onun əsərləri bir sıra xalqların dillərinə tərcümə olunub, əlyazmaları dünyanın ən iri kitabxanalarında mühafizə olunur. Elm və mədəniyyət xadimlərinin iştirak etdiyi Əlişir Nəvainin qəzəllərindən ibarət muğam gecəsi böyük maraqla qarşılanıb. Gecədə xanəndələr Sərxan Bünyadzadə, Elgiz Əliyev, Nisbət Sədrayeva, Aytac Bəybalayeva və Rəvan Qaçayev çıxış edib. Bədii qiraətçilər Hüseynağa Aslanov və Səmray Əliyeva şairin ədəbi nümunələrindən parçalar səsləndiriblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az





