Son 10-12 ildə Azərbaycan hakimiyyətində gəncləşmə prosesi gedir. Yaşlı məmurları gənc və perspektivli kadrlar əvəzləyir.
Milli.Az-ın məlumatına görə, Azərbaycanın ən gənc naziri Vüqar Mustafayevdir. O, 37 yaşında müdafiə sənayesi naziri vəzifəsinə təyin olunub.
39 yaşını yenicə tamamlamış nazirlə bağlı məlumatları təqdim edirik:
Vüqar Mustafayev 1986-cı ildə Bakıda anadan olub. O, 2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "Mühəndis iqtisadiyyatı və idarəetmə" (Menecment) ixtisası üzrə bakalavr, 2010-2013-cü illərdə isə Xəzər Universitetində "Maliyyə və kredit" ixtisası üzrə magistr təhsili alıb, "Biznesin idarə edilməsi" (MBA) dərəcəsi əldə edib.
V.Mustafayev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb, 2009-2012-ci illərdə "Ernst & Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə "Azerfon" MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə "PAŞA Holdinq" MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb, o cümlədən "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərin Təftiş Komissiyalarının sədri olub.
Vüqar Mustafayev Prezident İlham Əliyevin 18 noyabr 2023-cu il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin olunub. O, bu vəzifədə general-polkovnik Mədət Quliyevi əvəzləyib.
Ailəlidir, iki övladı var. (metbuat.az)

Fotoda: Müdafiə sənayesi naziri Vüqar Mustafayev
Milli.Az





