Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra "Azəriqaz" İB-nin smart kart tipli sayğaclarının fəaliyyətində problem qeydə alınıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, istifadəçilər 20 saatdan artıqdır smart kartlara ödəniş edərkən problemlə üzləşdiklərini deyirlər.
Vurğulanır ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur. "Azəriqaz" məsələnin terminallarla bağlı olduğunu qeyd edir.
Vətəndaşlar terminallarla əlaqə saxlasalar da, onlar öz sistemlərində problem olmadığını, məsələnin "Azəriqaz"dan qaynaqlandığını bildirirlər.
Qeyd edək ki, saatlardır sosial şəbəkələrdə problem ictimailəşdirilsə də, məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 1200 kubmetr olan hissə üçün 1 kubmetr təbii qazın tarifi 12,5 qəpik; 1200 kub metrdən 2500 kubmetrədək olan hissə üçün 22 qəpik; 2500 kubmetrdən çox olan hissə üçün 30 qəpikdir.
Milli.Az





