Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslə dekabr 19-da "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.
"Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.
Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.
Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək", - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Milli Məclis bu gün "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Qərar qəbul edib.
Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.
Milli.Az





