Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması ilə bağlı mühüm addım atılır.
Milli.Az xəbər verir ki, Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalının verdiyi məlumata görə, artıq iki ölkənin icbari sığorta büroları arasında bu istiqamətdə razılaşma imzalanıb və sistemin qurulması prosesi başlayıb.
Yeni sistem sayəsində Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana gələn və ya Azərbaycan nömrəsi ilə Türkiyəyə daxil olan avtomobillər avtomatik şəkildə tanınacaq. Bu, həm sərhəddə yoxlamaları asanlaşdıracaq, həm də sığorta fırıldaqları və sənəd saxtakarlığı hallarının qarşısını alacaq.
Bundan başqa, qəza baş verdiyi halda zərərçəkmişlərə ödənişlərin daha sürətli həyata keçirilməsi mümkün olacaq. Özgür Obalı bildirib ki, bu yenilik iki ölkə arasında sığorta sistemlərinin inteqrasiyasını gücləndirəcək, sürücülər üçün rahatlıq yaradacaq və ümumilikdə vətəndaş məmnuniyyətini artıracaq./Banker.az
Milli.Az





