44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizi simvolizə edən muzeyin hər bölməsi, buradakı eksponatlar, xüsusi hazırlanmış instalyasiyalar unikallığı, daşıdığı anlam və verəcəyi mesajlarla ziyarətçilərin marağına səbəb olacaq.
Milli.Az xəbər verir ki, Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyan Zəfər nəticəsində doğma torpaqlarımızın yenidən dirçəlməsi, viran olmuş yurd-yuvalarda yenidən baş qaldıran həyat muzeydəki instalyasiyalarda öz əksini tapacaq.
Bütün bunları bizə yaşadan Vətən müharibəsinin qəhrəman şəhidlərinin hər birinin adı qəlbimizə həkk olunduğu kimi Zəfər muzeyində də yaşayacaq. Hazırda şəhidlərimizin adları bir-bir muzeyə həkk olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında" Sərəncamından irəli gələrək qurulan muzeyin şanlı qələbəmizin 5-ci ildönümündə açılışı nəzərdə tutulub. Zəfər muzeyi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış dizayn-konsepsiyaya əsasən formalaşdırılır.
Milli.Az