Ölkə

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini işə bərpa olunacaq - VİDEO

25 Sentyabr 2025 23:14
Baxış: 467
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məktəbdə şagird və xadiməni döydüyü deyilən direktor müavini açıqlama verdi

Lənkəran rayonunun Zövlə kənd tam orta məktəbinin direktor müavininin məktəbdə şagirdlə xadiməni döydüyü iddia edilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, şagird və texniki işçini döyməkdə ittiham olunan Qurban Sadıqov artıq vəzifəsindən kənarlaşdırılıb.

O, hadisənin təfərrüatlarını danışıb. Dediyinə görə, bu mübahisəyə əsas səbəb onun 8-ci sinifdə təhsil alan oğlunun məktəbin 11-ci sinif şagirdi tərəfindən döyülməsi olub. İddiasına görə, övladının döyülməsi ilə bağlı həmin şagirdlə söhbət aparmaq istəyib, ancaq sonradan vəziyyət bu həddə çatıb.

O da məlum oldu ki, hadisə bu ilin mart ayında baş verib. Həmin gün Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vurularaq məlumat verilib. Bundan 1 ay sonra isə Qurban Sadıqov vəzifəsindən azad edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirildi ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu, Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və məktəbin kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, aprelin 17-də Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Baş verənlər, yayılan görüntülərlə bağlı döyüldüyü bildirilən şagird və xadimdən də açıqlama almaq istədik. Ancaq nə onlar, nə də onların yaxınları münasibət bildirdilər.

İşdən kənarlaşdırılan direktor müavini isə deyir ki, məhkəməyə müraciət edib və işə bərpası ilə bağlı onun lehinə qərar çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan isə "Xəzər Xəbər"ə bildirildi ki, tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb. Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.