Ölkə

Ayılar Quba kəndlərinə niyə hücum edib? - AMEA-dan reaksiya

23 Sentyabr 2025 18:37
Baxış: 340
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Quba rayonunda ayılar iki kəndə hücum ediblər. Belə ki, ayılar rayonun Xanagah kəndinə hücum edərək, sakinlərə məxsus inək və balasını yaralayıblar.

Bundan əlavə, Quba rayonunun Səbətlər kəndində də ayılar yerli sakinlərə məxsus heyvanları parçalayıb.

Sakinlərin sözlərinə görə, kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək artıq riskli bir hal alıb.

Milli.Az-a AMEA-nın Zoologiya İnstitutundan bildirilib ki, yaxın aylarda ayılarla bağlı müşahidələrdə yalnız tək-tək hücumlara rast gəlinib, buna səbəb isə ayıların qrup halında ov etməmələridir.

"Hazırda ayıların qış yuxusuna hazırlaşdıqları dövrdür və bu səbəbdən onlar kifayət qədər piy toplayaraq təbiətin dərinliklərində sakit yerlərdə mağara axtarırlar. Ayılar digər yırtıcılardan fərqli olaraq yalnız ətlə qidalanmır, xüsusən bu dövrdə karbohidratla zəngin meyvə və giləmeyvələrə üstünlük verirlər. Kənd ətrafındakı bağlarda və meşələrdə böyürtkən, zoğal, əzgil, cır armud kimi ağac və kolların çoxluğu onların qışa hazırlığı üçün əlverişli şərait yaradır. Ayıları insan məskənlərinə cəlb edən əsas səbəblərdən biri də məişət tullantılarıdır. Kəndlərin ətrafında yaranan zibilliklərdə ayılar asan qida mənbəyi tapdıqları üçün ora gəlirlər".

Məlumatda vurğulanıb ki, bu səbəbdən ayıların insan məskənlərinə yaxınlaşmaması üçün məişət tullantılarının vaxtında utilizasiyası vacibdir:

"İnsan məskənləri genişləndikcə ayıların təbii yaşayış yerləri daralır. Əslində ayılar kəndə gəlmir, kənd ayıların evinə soxulub".

Əlavə olaraq bildirilib ki, tarix boyu ayılarla insanlar arasında konflikt halları olub:

"Ona görə də bu hadisələri normal qarşılayaraq, həm özünü, həm də təsərrüfatı qorumaq qaydalarını bilmək vacibdir ki, gələcəkdə hücumların qarşısı alınsın"

Hazırda insana qarşı hücumla bağlı məlumat yoxdur, yalnız iki kənddə ev heyvanlarına hücum barədə məlumat daxil olub",- məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.