Azərbaycanda yaxın aylarda bir sıra nazirlik, dövlət komitələri və digər dövlət qurumlarında genişmiqyaslı islahatların aparılması planlaşdırılır.
Milli.Az Modern.az-a istinadla xəbər verir ki, islahatların əsas məqsədi dövlət idarəçiliyində köhnədən qalmış ənənələrin aradan qaldırılması, strukturun rasionallaşdırılması və büdcə xərclərinin azaldılmasıdır.
Məlumata görə, hazırda nazirlik və komitələrin əksəriyyətində araşdırmalar aparılır. Bu proses nəticəsində bəzi idarə, şöbə və sektorların ləğv olunacağı, bəzilərinin isə birləşdiriləcəyi gözlənilir.
Hələlik dəqiq siyahı açıqlanmasa da, islahatların dövlət idarəetmə aparatının böyük hissəsini əhatə edəcəyi vurğulanır.
Bu addım həm idarəetmədə çevikliyi artıracaq, həm də dövlət büdcəsinə qənaət imkanı yaradacaq. Son illərdə eyni funksiyaları yerinə yetirən bir çox qurumların paralel fəaliyyət göstərməsi əlavə xərclərə səbəb olub. Yeni modeldə isə idarəçilik daha optimallaşdırılmış və nəticəyönlü şəkildə qurulacaq.
İslahatların mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlk mərhələdə struktur dəyişikliyi, ikinci mərhələdə isə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin sadələşdirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Prezident İlham Əliyevin bir neçə gün əvvəl imzaladığı fərmana əsasən, "Rəqəmsal dövlət maliyyəsi" sistemi yaradılır. Bu sistemlə büdcəyə gələn bütün pullar - vergilər, gömrük, rüsumlar, dövlət şirkətlərinin mənfəət və dividendləri vahid mərkəzdə izlənəcək. Həmçinin dövlət qurumlarının maaşları, layihələri, investisiya xərcləri və satınalmaları elektron qaydada aparılacaq.
Yeni sənəd dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf izlənməsi, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur. Maliyyə Nazirliyi yeni sistem çərçivəsində dövlət şirkətlərinin illik və ortamüddətli büdcə layihələrinin, gəlir və xərclər smetalarının icrasını müntəzəm monitorinq edəcək və nəticələri Prezidentə təqdim edəcək. Dövlət investisiya layihələrinin maliyyə ekspertizası aparılacaq, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək.
Fərman həmçinin satınalma proseslərinin yalnız elektron müqavilələr əsasında aparılmasını tələb edir. Dövlət qurumlarının ştat vahidləri, maaş fondları və struktur xərcləri də maliyyə ekspertizasından keçiriləcək və optimallaşdırılacaq. Maliyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni sistemin texniki təhlükəsizliyini və elektron hökumət platformalarına inteqrasiyasını təmin edəcək.
Milli.Az