20:24
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində publik hüquqi şəxs "Mərkəzi Nəbatat Bağı" paytaxt sakinləri və qonaqlara müraciət edib.
Mərkəzi Nəbatat Bağından Milli.Az-a verilən xəbərə görə, Mərkəzi Nəbatat Bağı təbiətlə vəhdət təşkil edən bir ərazi kimi flora və faunanın qorunmasına xüsusi diqqət yetirir.
"Bu səbəbdən bağ ərazisində istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğu mümkündür. Burada yaşayan canlılara hər hansı müdaxilə təbiətdəki balansın pozulmasına səbəb ola bilər ki, bu da ekoloji baxımdan mənfi nəticələr doğura bilər.
Bir daha sakinlərdən və şəhərimizin qonaqlarından xahiş edirik ki, Mərkəzi Nəbatat Bağında yalnız müəyyən edilmiş yerlərdə hərəkət etsinlər və azyaşlıları nəzarətsiz buraxmasınlar", - deyə müraciətdə qeyd olunur.
-------------
12:58
Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə dünən baş verib.
Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: "Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.
Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Milli.Az