"IDEF 2025" 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün İstanbul şəhərində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.
Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə hər iki qardaş ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Strateji əməkdaşlığın möhkəmləndirilməsi baxımından "IDEF 2025" sərgisinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Tərəflər, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Görüşün sonunda "Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu" imzalanıb.
Milli.Az