Ölkə

“Əhmədin anasının şəkillərini atıb ölümlə hədələyirdi…”

10 İyun 2025 17:25
Baxış: 1 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda arvadının boşanmaq istəyini qəbul etməyən kişi onu küçənin ortasında yandırmaq istəyib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, cinayət səbəbindən həbs edilən 44 yaşlı T.Abışovla həyat yoldaşı Aydan (şərti) həm də bibioğlu - dayıqızıdırlar. Onların birgə nikahdan bir azyaşlı qızı var.

Qadın evlilikləri dövründə əri tərəfindən mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb. Ərinin hər gün içkili halda evə gəlib onu döyməsi qadını boşanmağa vadar edib. Günlərin birində Aydan qızını da götürərək evi tərk edib.

T.Abışov isə arvadının gedişini qəbul etməyib. Əvvəlcə onunla söhbət edib, boşanmaq fikrindən daşınmasını xahiş edib. Aydanın israrla ayrılacağını deməsi isə onu özündən çıxarıb. Mübahisə zəminində o, arvadının baş və sifət nahiyələrinə yumruqla zərbələr endirib.

Bir neçə gün sonra isə daha ağır cinayət hadisəsi baş verib. Bu dəfə T.Abışov şəhərin ortasında arvadına od vurub yandırmaq istəyib. O bu niyyətlə içində benzin olan qabla Aydana məxsus "Nissan" markalı avtomobilə yaxınlaşıb. Həmin vaxt həyat yoldaşının rəfiqələri də maşında olublar. Ər maşına yaxınlaşaraq digərlərinin gözü qarşısında əlindəki tezalışan mayeni Aydanın üstünə və avtomobilin salonuna töküb. Bu zaman "ya mənim olacaqsan, ya da qara torpağın" deyərək bağıran kişi alışqanı yandırmaq istəyib, lakin arxa oturacaqda əyləşən sərnişin cəld tərpənərək aləti onun əlindən alıb, nəticədə baş verə biləcək dəhşətli hadisənin qarşısı alınıb.

Hadisədən sonra T.Abışov polis əməkdaşları tərəfindən saxlanılıb və öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qəsdən sağlamlığa az zərər vurma və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bundan sonra cütlük boşanıb. Aydan keçmiş ərinə qarşı heç bir tələb irəli sürməsə də, onu bağışlamayıb. O, məhkəmədə keçmiş əri ilə birgə yaşadığı və ayrıldıqdan sonrakı çətin günlərdən, daim təhdid edilməsindən danışıb: "Evə hər gün içkili gəlirdi. Məni döyürdü. Sərxoş olduğu üçün qohumları da onu istəmirdi. Günlərimiz dava-dalaşla keçirdi. Hər gün məni təhdid edirdi. Əhmədin (Red: İkisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürən Əhməd Əhmədov) anasının şəkillərini atırdı. Deyirdi ki, səni bax belə doğrayacağam. Hər dəfə üstümə benzin töküb yandıracağı ilə hədələyirdi. Axırda dediyini elədi... Həmin gün benzini düz belimə tökmüşdü. O an qorxudan ayaqlarım tutuldu, həyəcandan tərpənə bilmədim. Yaxşı ki alışqanı əlindən ala bildilər, yoxsa daha ağır faciə baş verəcəkdi. T.Abışovun qəribə xasiyyəti var. Vurub öldürür, 5 dəqiqə sonra ağlayırdı... Onu başa düşə bilmirdim".

Keçmiş arvadını müttəhim kürsüsündən seyr edən kişi isə onun dediklərinin çoxunu qəbul etməyib: "Mən sadəcə onunla barışmaq istəyirdim. Düzdür, aramızda mübahisələr olurdu. Bu səbəbdən də Aydan çıxıb getmişdi. Amma mən pulsuzluğa düşməməsi üçün maşınımı satıb ona pul göndərdim. Bizim bir qızımız var. Dərdim qızımdır, mən onsuz qala bilmirəm. Ona dedim ki, lap sən çıx get, amma qızım evdə qalsın. Aydanı yumruqla dəfələrlə vurmağıma və benzin töküb yandırmaq istəməyimə gəlincə, bunlar sənəddə yazılan kimi deyil. Mən ona sadəcə şillə vurmuşam. Benzinlə yandırmaq söhbəti də düz deyil. Əlimdəki qabın içindəki də su idi".

İş üzrə dindirilən şahidlər hadisə anını təsdiqləyib, təqsirləndirilən şəxsin əlində benzin və alışqan olduğunu deyiblər. Bundan əlavə, məhkəməyə təqdim olunan səs yazılarında T.Abışovun keçmiş həyat yoldaşını açıq-aşkar öldürməklə hədələdiyi aydın olur: "Yananda demə ha, yandırmadı. Sənin üçün 2 litr benzini özümlə gəzdirirəm. Səni su ilə söndürə bilsələr, mənə nə deyirsən de".

Tərəflərin ifadələri və təqdim olunan sübutlar ittihamın əsaslı hesab edilməsi üçün yetərli olub.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə T.Abışov 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.