Qazaxıstan ən yaxşı müəllimlərini tələbələrə dərs deməyə göndərməklə Qarabağ Universitetinə dəstək verəcək.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bu gün ADA Universitetində Azərbaycan və Qazaxıstan arasında ali təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında bildirib.
"Qarabağ Universitetində ingilis dilində dərs deyəcək ən yaxşı 10-15 müəllimimizi göndərəcəyik. Onlar riyaziyyat, biologiya, kimya, süni intellekt və kompüter mühəndisliyi üzrə mütəxəssislərdir", - nazir bildirib.
Bundan başqa, Qarabağda təhsil almaq istəyən Mərkəzi Asiyadan olan tələbələr üçün xüsusi təqaüd proqramının yaradılması da nəzərdən keçirilir: "Bunun qardaş xalqımız üçün nə qədər vacib olduğunu anlayırıq və buna dəstək verməyə hazırıq".
Təhsil və elm sahəsində daha geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Qazaxıstan hər il azərbaycanlı tələbələr üçün 12 təqaüd ayırır, həmçinin akademik mübadilələri inkişaf etdirir. Hazırda Qazaxıstanda Azərbaycandan 222, Azərbaycanda isə Qazaxıstandan 80-ə yaxın tələbə təhsil alır.
Sayasat Nurbek həmçinin bildirib ki, ölkənin 22 aparıcı universitetinin nümayəndələrinin daxil olduğu Qazaxıstan nümayəndə heyətinin səfəri zamanı 40-a yaxın ikitərəfli saziş imzalanıb. Onların arasında birgə tədqiqatların, nəşrlərin və ekspertizaların aparılmasını nəzərdə tutan elmi əməkdaşlıq haqqında saziş də var.
"İki ölkənin təhsil nazirlikləri arasında birgə qrant tədqiqat proqramının yaradılmasına xüsusi diqqət yetirilir. Elm Fondumuz Qazaxıstan tərəfində operator olacaq ki, bu da hər iki ölkənin alimlərinə birgə layihələr hazırlamağa və maliyyə vəsaiti almağa imkan verəcək", - o qeyd edib.
Nazir, həmçinin Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası ilə Qazaxıstan alimlərinə Azərbaycanın elmi jurnallarında nəşr edilmək imkanı verəcək yeni sazişin əhəmiyyətini vurğulayıb.
"Biz əlaqələrimizi təkcə strateji tərəfdaşlıq kimi deyil, həm də qardaşlıq, türkçülük kimi qiymətləndiririk. Bizim ortaq tariximiz, dilimiz, dəyərlərimiz və dinimiz var. Ona görə də əməkdaşlığı inkişaf etdirəcək, birgə təhsil və elmi layihələrə keçəcəyik", - deyə o, yekunlaşdırıb.
Milli.Az