Ölkə

Sürücülər imtahan verəcək

11 Fevral 2025 18:26
Baxış: 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə növbəti imtahanlar keçirəcək.

Milli.Az xəbər verir ki, bu haqda DİM məlumat yayıb.

Bildirilib ki, imtahan vermək üçün ümumilikdə 1513 (taksi - 1439, yükdaşıma - 63, operator - 11 ) nəfər qeydiyyatdan keçib.

İmtahanın keçirilməsi üçün 13 imtahan rəhbəri, 100 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı ayrılıb.

Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə regional bölməsində, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi imtahanları isə DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış ola biləcəklər. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar imtahana buraxılış vərəqəsində göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

İmtahana gələrkən namizədlər buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Bir saat davam edəcək imtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim edilir.

"Yaddaş kitabçası" DİM-in saytında yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.