77 bələdiyyənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Milli.Az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə (2024-cü il üzrə) əksini tapıb.
Qeyd edilib ki, 2024-cü il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu (bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma) maddəsi ilə 103 inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında 77 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 15 inzibati xəta protokoluna xitam verilib və 11-i isə hazırda məhkəmələrin icraatındadır.
Nəzərə çatdırılıb ki, bələdiyyələrlə onların fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan arasında elektron sənəd dövriyyəsi təşkil edildikdən sonra bələdiyyə aktlarının vaxtında təqdim edilməməsi hallarının, habelə bununla bağlı bələdiyyələrin vəzifəli şəxsləri tərəfindən törədilən inzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb./APA
Milli.Az