Son beş gündə Xəzər dənizin Azərbaycan akvatoriyasında müşahidə olunan güclü şimal-qərb küləyi və dalğalı hava şəraiti səbəbindən lövbər dayanacaqlarına və sığınacaqlara çəkilmiş gəmilər fəaliyyətini bu gün tam bərpa edəcək.
Bunu Trend-in sorğusuna cavab olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildiriblər.
Bildirilib ki, hava şəraitinin stabilləşməsi ilə əlaqədar artıq ASCO-nun Dəniz Nəqliyyatı Donanmasının gəmiləri ilə həyata keçirilən yük və sərnişin daşımaları adi rejimdə davam etdirilir.
"Xəzər Dəniz Neft Donanmasının əməliyyatlarının isə günün ikinci yarısından sonra tam bərpa olunacağı gözlənilir.
Bununla belə, heyət üzvləri hava proqnozunu nəzarətdə saxlayır və mümkün dəyişikliklərə operativ reaksiya vermək üçün təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərirlər", - deyə qurumdan verilən məlumatda deyilir.
Xatırladaq ki, fevralın 7-də Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək.
Milli.Az