Ölkə

Bakıda COP29 çərçivəsində Parlament Görüşü başa çatıb - YENİLƏNİB - FOTO

17 Noyabr 2024 18:21
Baxış: 730
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda Parlamentlərarası İttifaqın və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi COP29 çərçivəsində Parlament Görüşünün ikinci günü başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı iqlim dəyişikliklərinə qarşı mübarizə və ədalətli iqlim tədbirlərinin təşviqi, texnologiyaların iqlim dəyişikliyinə qarşı mübarizədə istifadəsi, dəyişən şəraitdə ərzaq təhlükəsizliyinin və sağlamlığın qorunması, iqlim dəyişiklikləri səbəbindən yaranan miqrasiya proseslərinin tənzimlənməsi və digər vacib məsələlərə həsr olunmuş bir sıra sessiyalar keçirilib.

COP29 çərçivəsində keçirilən Parlament Görüşü çərçivəsində yekun sənəd qəbul edilib.

Tədbirdə İPU-nun baş katibi Martin Çunqonq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, İPU-nun Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

----------

10:39

Bakıda Parlamentlərarası İttifaqın və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi COP29 çərçivəsində Parlament Görüşünün ikinci günü işə başlayıb.

Milli.Az xəbər verir ki, görüş zamanı "İqlimlə bağlı həssaslığın aradan qaldırılması: iqlim fəaliyyətinə hərtərəfli və ədalətli yanaşmanın təşviqi", İqlim dəyişikliyi ilə mübarizə aparmaq və ədalətli girişi təmin etmək üçün texnologiyadan istifadə", "Dəyişən iqlim şəraitində sağlamlığı və ərzaq təhlükəsizliyini qorumaq üçün tədbirlər", "İnsan hərəkətliliyi və iqlim dəyişikliyinin idarə edilməsi: iqlimlə bağlı miqrasiya və yerdəyişmə probleminin həlli".

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.