COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Özbəkistan Respublikasının Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişiklikləri Nazirliyinin informasiya siyasəti üzrə müşaviri Lola Rahmanbayevadır.
Lola Rahmanbayeva Trend-ə açıqlamasında bildirib ki, COP29-un qardaş Azərbaycan torpağında keçirilməsi və ən yüksək səviyyədə təşkil olunması çox sevindiricidir.
"Müasir dövrün aktual problemi olan iqlim dəyişiklikləri bütün bəşəriyyətə toxunur, bizim bir planetimiz, bir havamız var. Bu problemi yalnız birlikdə, əl-ələ verərək həll etmək mümkündür, hər ölkə təkbaşına bunu edə bilməz.
Ekoloji məsələlərin belə geniş platformalarda müzakirə olunması, iqlim gündəliyinin müxtəlif istiqamətlərinin inkişafı çox vacibdir. Bakıda keçirilən görüşlər və qəbul olunan qərarlar indiki və gələcək nəsillər üçün böyük bir addım olacaq.
Bu gün Bakı minlərlə insanı bir araya gətirdi və dünyaya əsas mesaj budur: iqlim dəyişikliklərinə qarşı mübarizəni bu gündən başlamaq lazımdır, çünki sabah gec ola bilər və bunu birlikdə etmək lazımdır", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az