Ölkə

COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – MÜSAHİBƏ

28 Sentyabr 2024 11:52
Baxış: 1 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva: "İlk növbədə G7 ölkələri, müəyyən dərəcədə isə G20 ölkələri məsuliyyəti dərk etməli, müvafiq qərarlar qəbul etməli, konsensusa gəlməlidirlər"

COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva COP29-dan gözləntilər, iqlim dəyişmələrinin qarşısının alınmasında Azərbaycanın liderliyi və digər məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Pərvanə Vəliyevanın müsahibəsini təqdim edirik.

-Pərvanə xanım, məlumdur ki, bu il noyabrın 11-dən 22-dək Bakıda dünyanın ən mötəbər tədbirlərindən biri - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. COP29-dan əsas gözləntilər nədir?

-COP29-dan əsas gözlənti inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə ödəniləcək iqlim fəaliyyəti üzrə yeni maliyyə məbləğinin müəyyənləşdirilməsidir. Bundan öncəki iqlim maliyyəsinin məbləği kimi 2020-ci ilədək 100 milyard ABŞ dolları müəyyənləşdirilsə də, hesabatlara əsasən buna yalnız 2022-ci ildə nail olunub.

Bakı COP-unda dövlətlərin qarşısında duran əsas məqsəd yeni məbləği müəyyən etmək olacaq. Hazırda mövcud olan 100 milyard maliyyə hədəfi qlobal istiləşmənin 1,5 dərəcə selsi hədəfinə nail olunması, iqlim dəyişmələrinin ən çox təsir etdiyi ölkələrin problemlərinin həlli üçün kifayət deyil.

-O zaman başqa addımlara da ehtiyac var...

-Bəli, bu hədəfin ciddi şəkildə artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon dollar həcmində müəyyən edilməsinə ehtiyac var. Dünya ictimaiyyəti inkişaf etmiş ölkələrdən bunu gözləyir. Bu sahədə ciddi işlər görülməlidir.

Bu məsələdə ilk növbədə G7 ölkələri, müəyyən dərəcədə isə G20 ölkələri məsuliyyəti dərk etməli, müvafiq qərarlar qəbul etməli, konsensusa gəlməlidirlər.

-COP29 Sədri kimi Azərbaycanın səyləri barədə nə deyə bilərsiniz?

-Azərbaycanın COP29 Sədrliyi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması və konsensus əsasında nəticənin əldə edilməsi istiqamətində mühüm səylər göstərir. Bu xüsusda, COP29 Sədrliyimiz tərəfindən inkişaf etmiş ölkələrə və beynəlxalq maliyyə qurumlarına çağırışlar edilir, davamlı iş aparılır. Eyni zamanda dövlətlər, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflərlə mütəmadi əsasda və konstruktiv şəkildə görüşlər keçirilir.

Buna misal olaraq, 2024-cü il iyulun 25-28-də COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə Azərbaycanda təşkil olunmuş nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələri qeyd etmək olar.

-Azərbaycan COP29 Sədri olaraq beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunurmu və COP29 lazımi səviyyədə beynəlxalq dəstək alırmı?

-COP29 Sədrliyimiz iqlim dəyişmələrinin mənfi təsirlərindən ən çox əziyyət çəkən ölkələr, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin problemlərinə də xüsusi diqqət yetirir, onlara göstərilən dəstək beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir.

Bu yaxınlarda - sentyabrın 22-23-də Nyu-York şəhərində keçirilmiş Gələcəyin Sammitinin əsas nəticəsi olaraq Gələcəyin Paktı qəbul olunub. Növbəti illər üçün ölkələrin əsas fəaliyyət istiqamətlərini müəyyən edən və konsensusla qəbul olunmuş bu sənəddə COP29-a dair ayrıca bənd qeyd olunub.

Eyni zamanda, həm Gələcəyin Sammiti, həm də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində bir sıra dövlət və hökumət başçıları və nazirlər çıxışlarında COP29-a da istinad edib.

BMT-nin Baş katibi Antonio Quterreş COP29-un yaxınlaşdığını qeyd edərək bildirib ki, tədbirin nəticəsi yeni iqlim maliyyəsi hədəfi olmalıdır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iqlim dəyişmələri kontekstində inkişaf etməkdə olan ölkələr üçün ən vacib amillərin maliyyə, texnologiyaların paylaşılması və imkanların gücləndirilməsi olduğunu bildirib. O, Bakıda keçiriləcək COP29-un bu məsələlərin həllinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Sessiya çərçivəsində inkişaf etməkdə olan ölkələr Bakı COP-u zamanı 100 milyard dollarlıq iqlim maliyyəsi məbləğinin artırılmasına dair çağırışlar edib.

Eyni zamanda, Maldiv adaları, Marşal adaları, Birləşmiş Krallıq, Belçika, Monako, Keniya, Fici və digər dövlətlər çıxışlarında COP29-a istinad edib.

Bütün bunlar Bakıda keçiriləcək COP29-un tarixi bir tədbir kimi vacibliyini və hazırda dünyanı narahat edən ən böyük problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması məsələsində Azərbaycanın liderliyini nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim dəyişmələrində bir-birini ittiham etmək, günahlandırmaq əvəzinə öz imkanları daxilində iqlim problemlərinin həllinə töhfə verməli olduğunu vurğulayıb. Ölkəmiz Bakıda tarixi razılaşmanın - "Bakı Sazişi"nin əldə olunması istiqamətində iş aparsa da, real irəliləyişə nail olmaq üçün bütün tərəflərin birgə səyləri və konstruktiv iştirakı lazımdır. Bu məsələdə bütün tərəflər kollektiv məsuliyyət daşıyır.

-Ümid etmək olarmı ki, Bakıda dünya dövlətləri ən böyük problemlərdən biri olan iqlim dəyişmələri məsələsində Azərbaycanın liderliyi ilə konsensus əldə edəcəklər?

-Beynəlxalq ictimaiyyət yeni iqlim maliyyəsi məbləğinin müəyyənləşdirilməsi ilə bağlı iddialı hədəflər gözləyir. Əgər Bakıda konsensus əldə olunmasa, o zaman bu, iqlim danışıqlarının gələcəyinə mənfi təsir göstərəcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq, konsensusa nail olmaq və COP29-un uğur hekayəsinə çevrilməsi üçün səylərini əsirgəməyəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.