Laçın yolunda çəkilən görüntülər narazılıq doğurub. Kadrlarda Şuşadan Laçına gedən yolda yerləşən bulağın zibilliyə çevrilməsi əks olunub. Bu haldan narazı olan vətəndaş həmin ərazini lentə alaraq sosial şəbəkədə bəzi şəxslərin mədəniyyətsizliyindən gileylənib. O, bulağa atılmış plastik qabları, şirniyyat kağızlarını, siqaret qutularını, kötüklərini göstərərək bulağın zibilliyə çevrildiyini söyləyib.
Bu görüntülər deməyə əsas verir ki, çoxları torpaqlarımıza 30 il həsrət qaldığımız günləri unudub. Onlar bu torpaqların qarış-qarış azad edildiyini, bir metr kvadratı azad etmək üçün necə qanlı döyüşlər getdiyini yaddan çıxarıb. Minlərlə şəhidlərimizin canı, qanı bahasına əldə olunmuş torpaqların bu hala salınması sadəcə təəssüf doğurur. Bu kimi hərəkət şəhidlərimizin ruhuna, xalqımıza qarşı hörmətsizlikdir. Soyuq qış aylarında isti evində oturub Prezidentin kəndlərin azad olunması barədə yazdığı tvitləri həsrətlə gözləyənlər görünür torpaqlar azad olunduqdan sonra həmin ərazilərə laqeyd yanaşır, ətrafı zibilliyə çevirir.
Bir neçə gün əvvəl elan edilən rəsmi statistikada bildirilib ki, son 6 ay ərzində Qarabağın bərpasına 2 milyarddan çox pul xərclənib. Göründüyü kimi ermənilərin viran qoyduğu, xarabaya çevirdiyi Qarabağın bərpasına, dirçəlməsinə xeyli güc sərf edilir. Bəziləri isə sadəcə gözəlliklərin məhvinə çalışır. Belə hallarla tək Qarabağda, Laçına gedən yolda yox, demək olar ki, tez-tez başqa regionlarda, çimərliklərdə, istirahət mərkəzlərində, parklarda rast gəlirik. Təzə açılan parkların, ictimai ayaqyoluların, istifadəyə verilən dayanacaqların, avtobusların, bir sözlə ictimai olan çox yerdə eyni vəziyyət müşahidə olunur. Bəziləri pulsuz çimərlikləri zibilliyə döndərib. İctimai çimərliklərdə, xüsusən də Novxanı tərəfdə zibillərin çoxluğundan quma ayaq basmağa yer tapmaq olmur. Hətta, bəzən ödənişli məkanlarda da bu kimi natəmizlik müşahidə olunur.
İslam dininin üstünük təşkil etdiyi ölkəmizdə "təmizlik imandan gəlir" kəlamına əhəmiyyət verməyən, öz pintiliyini hər yerdə nümayiş etdirən, ətrafı qəsdən zibilləyən minlərlə şəxs var. Onları bu hərəkətdən çəkindirməyin yeganə yolu cərimələrin tətbiqi kimi görünür. Başqa ölkələrdə bu kimi hərəkətlər edənlərə qarşı yüksək məbləğli cərimələrin tətbiqi ətrafın daha təmiz, daha səliqəli olmasına kömək olur.
Bu kimi məsələlərdə ekofəallar da aktiv olmalı, təbiəti zəhərləyənlərə qarşı ayağa qalxmalıdırlar. Unutmayaq ki, təbiət bizim evimiz, biz isə təbiətin kiçik zərrəsiyik. Ətrafın zibillənməsi birbaşa olaraq bizim içdiyimiz, yuyunduğumuz suya, qəbul etdiyimiz qidaya mənfi təsir edir. Buna görə də təbiəti qorumaq, ətrafı çirkləndirməkdən çəkinmək hər birimizin borcudur.
İslam
Milli.Az