Ölkə

"Bu tarixi Zəfər Azərbaycan xalqının, onun Müzəffər Ali Baş Komandanının qələbəsidir" - FOTO

31 İyul 2024 18:31
Baxış: 2 498
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucovanın yazısını təqdim edir:

Bu yaxınlarda Azərbaycanın hər bir bölgəsində yaşayan şəhid övladlarımız-30 gəncimiz ilə birlikdə qardaş Şimali Kipr Türk Respublikasında səfərdə olduq. Səfər zamanı şəhid məzarlarını, 1974-cü ildə Şimali Kirp uğrunda Sülh və azadlıq müharibəsində həyatını fəda edən qəhrəmanların doğmaları, qazilər ilə görüşdük. Qazilərlə şəhid övladlarının görüşündə çox duyğulu anlar yaşadıq. Diqqəti çəkən məqam gənc şəhid övladlarının Vətənimiz və qəhrəmanlıq dastanı yaradan şəhidlərimizi qürurla, fəxrlə,əzəmətlə anlatması oldu. Ürəklərindəki nisgili, gözlərindəki dərin kədəri heç kimə bəlli etmədən "Təki Vətən Yaşasın" söyləməyi bacaran gənclərdir hər birisi... Biz bu əzəmətə onların qəhrəman ATAları sayəsində nail olduq.

Azərbaycan xalqı son 30 ildə tarixinin ən acı, eyni zamanda ən şərəfli, qürurlü günlərini yaşadı. İllərdir hər bir azərbaycanlının dilində, ürəyində Qarabağ kəlməsi, Qarabağ sevgisi.. Ümidimizi heç zaman itirmədik. Bir gün o şəhid qanı ilə yoğrulmuş müqəddəs torpaqlara dönəcəyimiz günlərin arzusu ilə yaşadıq, mücadilə etdik.

2016- ci il aprel döyüşlərində Azərbaycan Ordusu 26 illik fasilədən sonra ilk dəfə Vətən torpağının azadlığı uğrunda mübarizəni qələbə marşı ilə başladı. Düşmən tapdağı altında olan Vətən torpağına Azərbaycanın şanlı bayrağı sancıldı. Bu döyüşlərdə Azərbaycan Ordusu qəhrəman zabitlərini və əsgərləri şəhidlik zirvəsinə ucaldı. Şəhidlər böyük qələbəyə gedən ilk cığırı açdılar, Şəhid oldular, lakin müqəddəs amal uğrunda mübarizədən bir addım geri çəkilmədilər. Ən böyük arzumuz şəhid qanı ilə suvarılmış Vətən torpağının hər qarışının erməni terrorçularının işğalından azad edilməsi, qəhrəmanlarımızın qisasının alınması, Lələtəpədə açılan Zəfər yolu Şuşayadək uzanmalı idi. "Zəfər" öz zəfərinin təntənəsini qeyd etməliydi..

Nəhayət o gün gəldi... Vətən müharibəsi başlandı...Müharibəyə Ordumuzla yanaşı böyükdən-kiçiyə xalqımızın bütün nümayəndələri qoşuldu. Xalqımız illərdir içində boğduğu acını, kədəri, torpaq itkisini, yurd həsrətini bütövləşdirərək Ali Baş Komandanın ətrafında sıx birləşdi və rəşadətli Ordumuz Vətən torpağını mənfur erməni terrorçularından azad etdi. Biz azadlıq, haqq- ədalət və Şəhidlərimiz naminə döyüşdük. 30 ildir fəda etdiyimiz şəhid qəhrəmanlarımızın ruhunu şad etdik. Vətənimizi bütövləşdirdik.

Bu gün Şəhidlərimizin qanı axan, işğaldan azad olunan ana yurd doğma sahiblərini qarşılayır.
Qəhrəman şəhid komandirin həyat yoldaşı olaraq mən daha Vətənimdən nigaran deyiləm.. Çünki Ağdamımız, Şuşamız, Xocalımız, Xankəndimiz digər ellərimiz azaddır. Biz bu gün övladlarımızla Ağdama.-Şəhidlərimizin məzarına ziyarət edə bilirik. Biz bu gün şəhid övladları ilə birgə Şuşada, Türkiyədə, Şimali Kiprdə, tarixi türk ellərində tariximizi,mədəniyyətimizi təbliğ edirik.
Hamımız şahidik ki, dünyada hələ də müharibələr davam edir. ABŞ-ın İraq, Əfqanıstandakı əməliyyatları illərlə davam etdi, bu gün Fələstində və digər yerlərdə savaşlar gedir. Müharibə tərəflərinə baxanda aydın olur ki, bir tərəf çox hazırlıqlı, digəri isə onun yanında müqayisəyəgəlməz dərəcədə az resursa malikdir. Amma savaş, qan dayanmır. Bu anda 44 günlük Vətən müharibəsini, 1 günlük antiterror əməliyyatını, torpaqlarımıza basdırılmış 1.5 milyondan çox minanı düşünürəm... 30 illik işğal dövründə Ermənistan ordusu təpədən dırnağa qədər silahlandırıldı, ona havayı raketlər verildi... Ohanyan səddini yaran igid qardaşlarımızı, övladlarımızı düşünürəm! Bizə bu gün Ukrayna kimi pulsuz nə verilmişdi? Heç nə!

Bu, tarixi Zəfər Azərbaycan xalqının, onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin təmiz qələbəsidir! Heç kimin, amma heç kimin bu tarixə uğura şərik qoşmağa haqqı yoxdur!
Azərbaycan xalqı həqiqətən tarix yazıb! Nə xoş bizə ki, bu qəhrəman xalqın övladlayırıq, bizim Prezident İlham Əliyev kimi komandanımız var! Əminəm ki, Şəhidlərimizin də ruhu şaddır.Vətən Sizlərə minnətdardır, qəhrəman Şəhidlərimiz! Ruhunuz şad olsun! Sizlərin əziz xatirəsi daima xalqımızın qəlbində yaşayacaqdır!

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.