Ölkə

Tarixin səhifələri vərəqləndikcə erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır - Azər Qarayev

30 Mart 2024 17:11
Baxış: 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalqımıza qarşı törədilən bəşəri cinayətlərdən biri də 31 Mart soyqırımıdır. Azərbaycan xalqına qarşı törədilmiş və illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 Mart soyqırımı tariximizin ən faciəli səhifələrindəndir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, 1918-ci il martın 30-da Bakıda başlanan kütləvi qırğınlar Bakı şəhəri ilə məhdudlaşmadı, Şamaxıda, Qubada, Lənkəranda, Muğan bölgəsi və Qarabağda minlərlə kənd yandırıldı, on minlərlə insan vəhşicəsinə qətlə yetirildi.

"Bunlarla kifayətlənməyən daşnak-bolşevik qüvvələri yaşayış məntəqələrini, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan etdilər. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirdi, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirdilər".

A.Qarayev bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb:

"Fərmana əsasən, martın 31-i "Azərbaycanlıların Soyqırımı Günü" elan edilib. Bu sənədin imzalanması məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.

31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsinin həm hüquqi, həm də tarixi əsasları var. Məhz bu iki məqam həmin fərmanın imzalanmasına zəmin yaratdı. Azərbaycan dövləti müstəqillik qazandıqdan sonra öz tarixinə müraciət etməyə, keçmişini araşdırmağa, tarixdə olan qara ləkələri ayırd etməyə haqq qazandı.

Ümumiyyətlə, "soyqırımı" beynəlxalq hüquqi termininin mahiyyəti 1948-ci ildə ilk dəfə BMT-nin İnsan Hüquqları Komitəsinin qəbul etdiyi 264 saylı Konvensiyaya uyğun olaraq müəyyən edilib və bu anlayış bir dövlət, bir siyasi qurum, hərbi təşkilatın bir milləti, xalqı, etnik qrupu qəsdən, bilərəkdən irqi, dini, milli mənsubiyyətinə görə məhvə məhkum etməsini ifadə edir.

Məhz bu məqamları nəzərə alsaq, söyləyə bilərik ki, azərbaycanlıların etnik təmizləməyə, deportasiyaya və soyqırımına məruz qalmasının 200 illik tarixi var. Erməni kilsəsinin fitvası, erməni terror təşkilatlarının - Daşnaksütyun, ASALA və digər qruplaşmaların iştirakı ilə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı həyata keçirilib. Çar Rusiyası, Sovet hökuməti, İngiltərə hökuməti isə onların ilhamvericiləri olub. Bütün bunların hamısı arxiv sənədləri ilə təsdiqlənib".

Politoloq vurğulayıb ki, tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır:

"Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı sübutlar aşkarlanır.

Prezident İham Əliyevin də vurğuladığı kimi, biz heç vaxt işğalı, erməni vəhşiliyini unutmamalıyıq. Azərbaycan döyüş meydanında qalib gəlməklə öz şəhidlərinin qisasını aldı. Tarixi zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması faciələrimizi, zaman-zaman ermənilərin həyata keçirdikləri soyqırımı və deportasiyaları unutdurmur, ona yeni məzmun gətirir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.