Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.
Toplantı açılış sessiyasından sonra "Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış" və "COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə" üzrə plenar sessiyalarla davam edəcək.
Həmçinin Məşvərət Şurası çərçivəsində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin 6-cı iclası və "Dənizdə külək enerjisindən istifadənin inkişafı" üzrə Azərbaycan-Avropa İttifaqı dəyirmi masası keçiriləcək.
Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlərin imzalanması nəzərdə tutulur.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun