Ölkə

"İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir - İtaliyalı ekspert - FOTO

17 Yanvar 2024 14:36
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda yerləşən "İmarət" Kompleksi Azərbaycanın kollektiv yaddaşı üçün çox vacibdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert Alessandro Bianki Ağdamda yerləşən "İmarət" kompleksinin restavrasiyası üzrə işlərlə tanışlıq zamanı deyib.

"Ermənilər işğaldan sonra buradan heyvanlar, o cümlədən donuzlar, inəklər və s. üçün tövlə kimi istifadə edib və bütün məzarlıqları xaraba qoyublar. Azərbaycan əraziləri işğaldan azad olunandan qısa müddət sonra biz buraya gələndə abidənin dağıdıldığını, təhqir olunduğunu və təyinatı üzrə istifadə olunmadığını aşkarladıq. İndi isə məsələ Azərbaycanın kollektiv yaddaşı üçün çox mühüm olan bu kompleksi necə bərpa etməkdən ibarətdir", - deyə o bildirib.

Onun sözlərinə görə, "İmarət" Kompleksinin restavrasiyası üzrə işlər iki əsas hissəyə ayrılıb.

"Birincə hissəyə restavrasiyadan, yəni binanın fiziki bərpasından ibarətdir. Kompleks iki əsas binadan və beş mavzoleydən ibarətdir. İşlərin ikinci hissəsi tamamilə dağıdılmış məzarlığın bərpasından ibarətdir", - o deyib.

Bianki işğal müddətində əksər qəbirüstü daşların yerinin dəyişdirildiyini və qəbirlərin yerləşməsinə dair məlumatın itdiyini qeyd edib.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.